İnstitutumuz Səmərqənd şəhərində keçirilən V İnsan Hüquqları Forumunda təmsil olunub
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev 28-29 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən V İnsan Hüquqları Forumunda onlayn formatda iştirak edərək İnstitutu təmsil edib.
Forumda çıxış edən V.İbayev insan hüquq və azadlıqlarının, xüsusilə inkişaf hüququnun təmin edilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, insanlar hər bir dövlətin əsas sərvətidir və inkişaf siyasətinin başlıca məqsədi insanların həyat keyfiyyətinin yaxşılaşdırılması, imkanlarının genişləndirilməsi və bacarıqlarının inkişaf etdirilməsi olmalıdır.
Çıxışda Azərbaycanın insan inkişafı sahəsində həyata keçirdiyi siyasətə diqqət çəkilib, təhsil, səhiyyə, sosial müdafiə və layiqli əmək istiqamətlərində görülən işlər vurğulanıb. Xüsusilə gənclərin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradan Dövlət Proqramının insan kapitalının inkişafına verdiyi töhfə qeyd olunub.
V.İbayev bildirib ki, dayanıqlı inkişaf yalnız iqtisadi artımla məhdudlaşmamalı, sosial rifahın, bərabərliyin, insan hüquqlarının və təhlükəsizliyin təmin olunması ilə müşayiət edilməlidir.
Çıxışın sonunda beynəlxalq əməkdaşlığın insan hüquqlarının və inkişaf hüququnun təmin edilməsində mühüm rol oynadığı vurğulanıb. Azərbaycanın sülhün, ədalətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasını dəstəklədiyi, həmçinin münaqişələrin sülh yolu ilə həllinin insan hüquqlarının təmin olunması üçün əsas şərtlərdən biri olduğu bildirilib.
Dərc olunub : 29-09-2026
Oxunma sayı : 42