İnstitutun hüquqşünaslar üçün növbəti təlimi Sumqayıt şəhərində keçirilib

Hüquq və İnsan Haqları İnstitutu, Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının dəstəyi və Sumqayıt Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təlim keçirmişdir. Təlimdə ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, mediatorlar  həmçinin Vəkillər Kollegiyasının üzvlərindən ümumilikdə 30 nəfər iştirak edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri cənab Tofiq Paşayev salamlama nitqi ilə çıxış edib və AİHK maddələri üzrə keçirilən bu cür təlimlərin hüquqşünasların praktiki fəaliyyəti üçün çox faydalı olduğunu vurğulayıb.

İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə təlimçi-ekspertlərə və müxtəlif dövlət qurumlarının hüquqşünasları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında yaradılmış şəraitə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sədr İnstitutun fəaliyyət istiqamətləri barədə, həmçinin görüləcək işlər və qarşıda duran hədəflərlə bağlı təlim iştirakçılarına ümumi məlumat verib. M.Quluzadə eyni zamanda Avropa Məhkəməsinin ölkəmizə qarşı çıxardığı qərarlar və Sumqayıt ilə əlaqəli statistikasını iştirakçılarla paylaşıb.

Daha sonra təlimçi-ekspert  Vüsalə Muradxanlı “AİHK-ın 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimat ilə çıxış edib.

Hüquq eksperti Vəfaddin İbayev təqdimatında Azərbaycana qarşı qəbul olunmuş qərarlarda aşkar edilmiş pozuntular və onların aradan qaldırılması yolları, məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib.

Müzakirələr zamanı məhkəməyə çatımlılıq, prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunaraq iştirakçıların sualları təlimçi-ekspertlər tərəfindən cavablandırılıb. Mövzu ətrafında kazusların həlli qrup şəklində işlənilib.

 




Dərc olunub : 2023-09-28 16:11:00
Oxunma sayı : 89