İnstitutun təlimçi-ekspertləri tərəfindən müstəntiqlər və təhqiqatçılar üçün təlim keçirilmişdir

Mayın 2-dən 4-dək Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal və Nəsimi Rayon Polis İdarələrinin  müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilmişdir.

Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edirdi.

Təlimi giriş nitqi ilə Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov açaraq qonaqları salamlamış, İnstitutun bu təlimlərlə bağlı təşəbbüsünü yüksək dəyərləndirmiş, hər zaman əməkdaşlığa açıq olduqlarını vurğulamışdır.

İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlasdırılması, 5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış etmişdir.

Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin Azərbaycanla bağlı AİHM-in qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası əks olunmuşdur.

İnstitutun hüquq eksperti Vəfaddin İbayev “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması” mövzusunda çıxış etmişdir. Qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.

Təlimin yekununda İnsan Hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının moderatorluğu ilə 5-ci maddə üzrə “Şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət” və “Həbsdə saxlanılma müddətinin uzadılması”na dair kazuslar qrup işi formasında həll edilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, eyni zamanda təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi keçirilmişdir.

Sonda 50-dən çox polis əməkdaşına İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində əks etdirilən “Azadlıq və Şəxsi Toxunulmazlıq Hüququ” mövzusu üzrə təlimlərdə iştirakına görə sertifikatlar təqdim olunub.




Dərc olunub : 2023-05-04 16:46:00
Oxunma sayı : 453