İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün elm və texnologiya üzrə komissiyasının 18-ci iclası keçirilmişdir.

04-08 may 2015-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasının 18-ci iclası keçirilmişdir.  AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aqil Vəliyev göstərilən tədbirdə iştirak etmək üçün 03-08 may 2015-ci tarixlərində İsveçrənin Cenevrə şəhərinə ezam olunmuşdur.  

Tədbirin məqsədi üzv ölkələri davamlı inkişaf üçün elm, texnologiya və innovasiya sahəsində birgə əməkdaşlığa təşviq etmək və iştirakçı ölkələrin dünya elminə inteqrasiyasına yardım etməkdir.

Komissiyanın iclasında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasına üzv olan 43 ölkənin və  80-dən artıq müşahidəçi qismində təmsil olunan ölkələrnin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdilər.

Tədbirin açılış mərasimində Ticarət və İnkişaf üzrə BMT Konfransının Baş Katibi cənab Mukhisa Kituyinin tədbir iştirakçılarına ünvanlanmış bəyənatı səsləndirildi və BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasının sədri Nigeriyalı xanım Omobola O.Jonson açılış mərasimində çıxış edərək elm və texnologiya sahəsində 2015-ci ildən sonrakı dövr üçün inkişaf strategiyasına baxışın keçirilməsindən və elm, texnologiya və innovasiyalar sahəsində üzv ölkələrin əldə etdiyi nailiyyətlərdən, kiber təhlükəsizlik məsələləri, qlobal ehtiyaclardan danışdı.

Tədbir zamanı bir sıra ölkələrin, o cümlədən Dominikan Respublikası, Konqo, Tailand, Pakistan, Oman, Nigeria, Türkiyə, ABŞ, Anqola, Sudan, Avropa İttifaqı, Uqanda, Mərakeş, Böyük Britaniya, Çin, Hindistan, Braziliya, Səudiyyə Ərəbistanı, Meksika, Yaponiya, İsveç, Kanada və s ölkələrin nümayəndələri çıxış edərək iqlim dəyişiklikləri, enerji təhlükəsisliyi, kiber təhlükəsizlik, təhsildə yüksəliş, ərzaq təhlükəsizliyi məsələləri və bu sahədə yeni iqtisadi inkişaf mexanizmlərinin yaradılmasının vacibliyini qeyd etdilər.

İclas çərçivəsində Aqil Vəliyev müxtəlif ölkələrin nümayəndələri ilə görüşərək ölkəmizin elm və texnologiya sahəsində gördüyü işlərdən və müxtəlif beynəlxalq layihələrdə Azərbaycan Milli Elmlər Akademiyasının, xüsusilə də AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun fəal iştirak etdiyini qeyd etdi. Eyni zamanda o, AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun  Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə həyata keçirdiyi xarici ölkələrin tədqiqatçıları üçün 2-3 ay müddətli təqaüdlü tədqiqat proqramı barədə ətraflı məlumat verdi.

Tədbir zamanı A.Vəliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasının  katibi ilə görüşərək Azərbaycanın bu Komissiyaya üzv olmaq məsələsini müzakirə etdi və bu sahədə Azərbaycan tərəfindən zəruri addımların atılacağını vurğuladı.

İclas zamanı A.Vəliyev TUBİTAK təşkilatının nümayəndələri ilə görüşdü və AMEA ilə TUBİTAK arasında əməkdaşlıq haqqında protokolun olduğunu və bu sahədə qarşılıqlı tədqiqatçı mübadiləsinin aparılmasında AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun maraqlı olduğunu diqqətə çatdırdı.

Tədbirin nəticəsi olaraq aşağıdakıları qeyd etmək olar:

-         Elm və texnologiya sahəsində 2015-ci ildən sonrakı dövr üçün inkişaf strategiyasına baxışın keçirilməsi;

-         İnformasiya cəmiyyəti sahəsində Dünya Sammitinin nəticələrinin 10 illik nailiyyətlərinə baxışın keçirilməsi;

-         Azərbaycan Respublikasının BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) İnkişaf üçün Elm və Texnologiya üzrə Komissiyasına üzvlüyünün müzakirəsi;

-         Elm və innovasiyanın inkişafı istiqamətində müxtəlif beynəlxalq layihələrin işlənib hazırlanması.




Dərc olunub : 2015-05-08 09:54:00
Oxunma sayı : 1