Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün onlayn təlim keçirilib
Hüquq və İnsan Haqları İnstitutunun “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təşkil etdiyi silsilə təlimlər çərçivəsində növbəti tədbir sentyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün onlayn formatda təşkil olunub.
Onlayn təlimdə İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək bildirib ki, mülkiyyət hüququnun qorunması insan hüquqlarının ayrılmaz tərkib hissəsi olmaqla, ədalətli idarəçilik prinsiplərinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. O, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının və məhkəmə təcrübəsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı müəyyən etdiyi standartların dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınmasının vacibliyini vurğulayıb.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə çıxış edərək qeyd edib ki, müasir idarəçilikdə insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsi dövlət qurumlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan əməkdaşların hüquqi biliklərinin mütəmadi olaraq yenilənməsini, beynəlxalq standartlarla və müasir hüquqi yanaşmalarla tanış olmalarını əhəmiyyətli hesab edərək təlimin səmərəli keçəcəyinə əminliyini ifadə edib.
Tədbirdə İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində mülkiyyət hüququnun qorunması ilə bağlı aktual məsələlərə diqqət yetirilib, praktiki yanaşmalar və xidməti fəaliyyət zamanı tətbiq oluna biləcək hüquqi mexanizmlər müzakirə olunub.
Qarşılıqlı müzakirələr şəraitində davam edən təlim iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilməsi və ünvanlanan sualların cavablandırılması ilə yekunlaşıb.
Dərc olunub : 23-09-2026
Oxunma sayı : 41