“Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda keçirilən silsilə təlimlər davam edir

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda keçirilən təlim oktyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təşkil olunub.

Tədbirin açılışında Suraxanı Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Elşən Zahirli çıxış edərək təlimlərin əməkdaşların hüquqi biliklərinin və praktiki bacarıqlarının inkişafındakı rolunu qeyd edib. O, mülkiyyət hüququnun dövlət idarəçiliyində və vətəndaşların hüquqlarının təmin edilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında mülkiyyət hüququnun əsas insan hüquqlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu hüququn səmərəli müdafiəsi qanunvericilik tələblərinə əməl olunması ilə yanaşı, dövlət orqanlarının qərar və fəaliyyətlərində insan hüquqları prinsiplərinin nəzərə alınmasını da zəruri edir.

Təlim zamanı İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mövzu üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mülkiyyət hüququnun müdafiəsinin cinayət və inzibati xəta qanunvericiliyi ilə təmin olunması məsələləri nəzərdən keçirilib. Həmçinin, mülkiyyət əleyhinə olan əməllərə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumatlar diqqətə çatdırılıb.

Praktiki hissədə mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hüquqi situasiyalara dair nümunələr iştirakçıların müzakirəsinə təqdim edilib. Bu nümunələr hüquqi baxımdan təhlil edilib və vətəndaşların mülkiyyət hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimin yekununda iştirakçıların hər biri sertifikatla təltif olunub.

 


Dərc olunub : 09-10-2026

Oxunma sayı : 40