Nizami Rayon İcra Hakimiyyətində maarifləndirici təlim təşkil olunub

Noyabrın 23-də Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova açılış nitqində mülkiyyət hüququnun qorunmasının hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və vətəndaşların qanuni mənafelərinin təmin olunması baxımından əhəmiyyətini qeyd edib. O, həmçinin bu sahədə dövlət qurumlarının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev isə dövlət qurumlarının fəaliyyətində milli qanunvericiliyin tələbləri ilə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaların nəzərə alınmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İnstitutun şöbə müdiri H.Babayevin və təlimçi-ekspert H.Əliyevin təqdimatları ilə davam edən təlim çərçivəsində iştirakçılara mülkiyyət hüququnun hüquqi mahiyyəti, onun qorunmasının normativ əsasları və müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib.

Praktiki məşğələlər zamanı iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq gündəlik fəaliyyətlərində qarşılaşa biləcəkləri hüquqi məsələlərlə bağlı müzakirələrdə iştirak ediblər. 


Dərc olunub : 23-11-2026

Oxunma sayı : 14