Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün mülkiyyət hüququ mövzusunda təlim təşkil olunub

Noyabrın 13-də Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında bildirib ki, yerli icra hakimiyyəti orqanlarının gündəlik fəaliyyətində vətəndaşların mülkiyyət hüququ ilə bağlı müraciətlərinə həssaslıqla yanaşılması, hər bir məsələnin qanunvericiliyin tələbləri əsasında araşdırılması və qərarların hüquqi əsaslarla qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev mülkiyyət hüququnun müdafiəsi sahəsində qanunların aliliyinin təmin olunmasının hüquqi dövlətin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. O, dövlət orqanlarının qərar və fəaliyyətində Avropa Konvensiyasının prinsiplərinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanunilik və mütənasiblik tələblərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, belə təlimlər əməkdaşların peşəkar biliklərinin artırılmasına və xidməti fəaliyyətlərində insan hüquqlarının müdafiəsi prinsiplərinin daha geniş tətbiqinə töhfə verir.

İnstitutun şöbə müdiri H.Babayevin və təlimçi-ekspert H.H.Əliyevin təqdimatları ilə davam edən tədbirdə mülkiyyət hüququnun müdafiə mexanizmləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları və beynəlxalq hüquqi standartların tətbiqi məsələləri izah olunub.


Dərc olunub : 16-11-2026

Oxunma sayı : 27