Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün mülkiyyət hüququnun müdafiəsi mövzusunda təlim keçirilib

Noyabrın 3-də Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda növbəti silsilə təlim Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün keçirilib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev açılış nitqində mülkiyyət hüququnun fundamental insan hüquqlarından biri olduğunu diqqətə çatdırıb. O, bu hüququn təmin edilməsinin hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda mühüm rol oynadığını qeyd edərək, dövlət orqanlarının fəaliyyətində Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun nəzərə alınmasının vacibliyini bildirib.

İnstitutun şöbə müdiri H.Babayevin və təlimçi ekspert H.H.Əliyevin təqdimatları əsasında davam edən təlimdə mülkiyyət hüququnun anlayışı və müdafiə vasitələri, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahə ilə bağlı qərarları barədə məlumat verilib. Praktiki hissədə hipotetik işlər əsasında hüquqi situasiyalar təhlil olunub, mülkiyyət hüququnun pozulması hallarının müəyyənləşdirilməsi və müvafiq müdafiə mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə mülkiyyətdən maneəsiz istifadə hüququ, mülkiyyətdən məhrumetmənin hüquqi əsasları, habelə mülkiyyət hüququna müdaxilənin qanuniliyi, legitim məqsədi və mütənasibliyi kimi məsələlər ətrafında da müzakirələr aparılıb.

 


Dərc olunub : 03-11-2026

Oxunma sayı : 31