Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

Yanvarın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə “Şöhrət” ordenini və akademik Vaqif Fərzəliyevə “Şərəf” ordenini təqdim edib.
Daha sonra akademik Ramiz Mehdiyev hesabatların Elmlər Akademiyasının həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən ilin noyabr ayından başlayaraq laboratoriya və şöbələr elmi müəssisələr, elmi müəssisələr isə tabe olduqları bölmələr qarşısında öz hesabatlarını təqdim ediblər. Akademik bu gündən etibarən isə hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabatını verdiyini, ilkin olaraq, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatının müzakirəsinə başlanıldığını vurğulayıb.
Elmlər Akademiyasının fəaliyyətinin müasir dünyanın çağırışları və ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qurulması üçün hazırda Akademiyada geniş islahatlar aparıldığını deyən akademik R.Mehdiyev Azərbaycan elminin inkişafında xüsusi yeri olan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin də üzərinə xüsusi vəzifələr düşdüyünü diqqətə çatdırıb. Akademik qeyd edib ki, hazırda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası istiqamətində işlər gedir. Proqramda Elmlər Akademiyasının yeni mərhələdə inkişafı üçün bir sıra vəzifə və prioritetlər müəyyənləşdirilib. Bu proqramın icrası dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində Akademiyanın yaxından dəstək verməsinə geniş imkanlar yaradacaq.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İinstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edib.
Akademik Rasim Əliquliyev bölmənin elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA Ümumi yığıncağının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA prezidentinin sərəncamlarının icrasına xüsusi diqqət verildiyini qeyd edib. Alim hesabat ilində bölmə müəssisələrinin respublika Prezidenti tərəfindən təsdiq olunmuş 9 Dövlət Proqramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.
Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirib.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.
Müzakirələrdə akademiklər İbrahim Quliyev, Telman Əliyev, Fikrət Əliyev, Adil Qəribov, Cavad Abdinov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Vaqif Quliyev, Misir Mərdanov, Namiq Cəlilov, Oktay Qasımov və Oqtay Səmədov çıxış edərək fikir və təkliflərini bölüşüblər.
Daha sonra hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.


Dərc olunub : 15-01-2020

Oxunma sayı : 14