Professor Həcər Verdiyeva “Almanların köçkün həyatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda İnstitutumuzu təmsil edib

“Almanların köçkün həyatı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Alman - Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan onlayn tədbir İkinci dünya müharibəsi dövründə (1941-ci ilin oktyabrı) Azərbaycan SSR-də yaşayan almanların deportasiya olunmasının 80 illiyinə həsr olunub.
Qeyd edilib ki, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarına köçmüş almanlar, əsasən Göygöl (Helendorf), Şəmkir (Annenfeld), Tovuz (Traubenfeld) və Ağstafa (Yelizavetinka ) ərazilərində məskunlaşmış, azərbaycanlılarla dostluq və qonşuluq şəraitində yaşayıblar. Bu gün də onların saldıqları abidələr – kilsələr, evlər və s. dövlətimiz tərəfindən qorunub saxlanılır. Azərbaycan tarixinin alman səhifələri zaman-zaman araşdırılıb tədqiq olunur, bu problemə aid kitablar, məqalələr çap olunur, filmlər çəkilir, Azərbaycanın bu multikultural qatı ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Konfransda azərbaycanlı alimlər – Çingiz Abdullayev, Həcər Verdiyeva, İkram Ağasıyev, Nigar Axundova, Esmira Vahabova ilə yanaşı, Almaniyadan Oskar Valter, Olqa Litzenberger, Rusiya Federasiyasından Andrey Ptisin, Gürcüstandan Harri August, Özbəkistandan İnayatova Dilaram Manqliyevna, Qazaxıstandan Podopriqora Yuliya İvanovna və başqaları maraqlı məruzələrlə çıxış ediblər.
Eyni zamanda, Bavariya Rusiya Almanları Mədəniyyət Mərkəzinin direktoru Valdemar Ayzenbraun tərəfindən Beynəlxalq konfransa salamlama məktubu ünvanlanıb.




Dərc olunub : 2021-11-30 17:13:00
Oxunma sayı : 10