Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib
Mülkiyyət hüququnun müdafiəsi sahəsində dövlət qulluqçularının nəzəri və praktiki biliklərinin artırılması, habelə milli və beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı məlumatlılığının gücləndirilməsi məqsədilə iyunun 9-da Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında mülkiyyət hüququnun əsas insan hüquqlarından biri olduğunu qeyd edərək, bu sahədə hüquqi biliklərin artırılmasının və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək bildirib ki, mülkiyyət hüququ həm milli qanunvericilikdə, həm də insan hüquqlarına dair beynəlxalq sənədlərdə əsas hüquqlardan biri kimi təsbit olunub. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və Avropa İnsan Hüquqları Konvensiyası mülkiyyət hüququnun müdafiəsi üçün mühüm hüquqi təminatlar müəyyən edir.
Təlim çərçivəsində İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mülkiyyət hüququnun milli və beynəlxalq hüquqda qorunması, onun müdafiə mexanizmləri, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent təcrübəsi barədə iştirakçılara ətraflı məlumat veriblər. Həmçinin Avropa Məhkəməsinin mülkiyyət hüququ üzrə baxdığı işlər təhlil olunub, formalaşmış məhkəmə təcrübəsi və müdafiə mexanizmləri müzakirə edilib.
Təlim zamanı iştirakçılarla hipotetik hüquqi vəziyyətlər üzrə praktiki müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Dərc olunub : 10-06-2026
Oxunma sayı : 26