İnstitut rəhbəri Milli Məclisin Komitə iclasında çıxış etmişdir

03 mart 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Milli Məclisdə İnsan hüquqları komitəsində keçirilən və Qərbi Azərbaycana dinc və hüquqi qayıdış mövzusuna həsr olunmuş ictimai müzakirədə iştirak etmişdir.
Müzakirədə çıxış edən M.Quluzadə Qərbi Azərbaycana qayıdışa insan hüquqları və beynəlxalq hüquq aspektindən yanaşaraq aşağıdakı nəticələrə gəldiyini bildirmişdir:
1. Beynəlxalq hüquq qaçqınların və məcburi köçkünlərin öz doğma diyarlarına qayıtmaq və mülkiyyət hüquqlarını tanıyır;
2. Beynəlxalq məhkəmələr öz qərarlarında qaçqınların və məcburi köçkünlərin mülkiyyət hüquqlarını təsdiqləyir;
3. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası öz bəyanatlarında qaçqınların və məcburi köçkünlərin öz doğma diyarlarına qayıtmaq və mülkiyyət hüquqlarını tanıyır və təsdiqləyir;
4. BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri (Pinheiro prinsipləri) ev, torpaq və əmlakın restitusiya hüququnun müdafiəsinə, təhlükəsiz və layiqli qayıdışa görə məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə qoyur (22-ci prinsip).
Buna sübut olaraq Məhəmməd Quluzadə aşağıdakı misalları gətirmişdir:
a. BMT restitusiyaya dair onlarca sənəd qəbul edib və mexanizmlər yaradıb (məsələn, təkcə fələstinlilərin restitusiya hüququna dair 3 qətnamə qəbul edib);
b. Bosniya və Herseqovinaya dair Dayton Sülh Sazişi Mülkiyyət Tələblərinə dair Komissiya yaradaraq 440.000-dən çox qaçqına və 570.000-dən çox məcburi köçkünə kömək etmişdir;
c. Eyni ildə BMT İnsan Hüquqları alt-Komissiyası torpaq, ev və mülkiyyətin restitusiyasını beynəlxalq hüquqda insan hüququ kimi tanıyıb. BMT İnsan Hüquqları Komitəsinin 31 saylı Ümumi Qeydi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda olan hüququn pozulması üçün restitusiyanın mümkün təzminat vasitəsi olmasını açıq-aşkar müəyyən edib;
d. BMT İnsan Hüquqları Komitəsinin 27 saylı Ümumi Qeydi “öz ölkəsi” ifadəsinin “vətəndaşlığı olduğu ölkə” ifadəsindən daha geniş olduğunu qeyd edir.
Qeyd edilənləri nəzərə alaraq İnstitut rəhbəri aşağıdakı təklifləri irəli sürmüşdür:
1. Beynəlxalq hüquq və təcrübə daha detallı araşdırılsın;
2. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən restitusiyaya dair müvafiq sənədin qəbul edilməsi və mexanizmin yaradılması təşviq və tələb edilsin;
3. Qərbi azərbaycanlıların statusuna yenidən baxılsın və həmin vətəndaşlar “qaçqına bərabər vəziyyətdə olan şəxslər” kimi tanınsın.




Dərc olunub : 2023-03-03 10:35:00
Oxunma sayı : 62