İnstitutun İdarə Heyətinin sədri ATƏT-in Vyana ofisində görüş keçirmişdir
20 oktyabr 2022-ci il tarixdə Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Vyana ofisində İnsan Alveri üzrə Xüsusi nümayəndənin ofisinin əməkdaşı cənab Evan Karr ilə görüşmüşdür.
Məhəmməd Quluzadə ATƏT-in nümayəndəsinə İnstitutun yeni fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Cənab Karr öz növbəsində insan alveri ilə mübarizə sahəsində ATƏT-in ən son fəaliyyətləri və tədqiqatları haqqında məlumat vermişdir. Xüsusilə hakimlər üçün insan alverinə dair təlim modulunun hazırlanması, hüquq mühafizə orqanları üçün bu sahədə bacarıqların artırılması üzrə tədbirlərin keçirilməsi, millət vəkilləri üçün insan alverinin qanunvericilik standartlarına dair vəsaitin hazırlanması, uşaqların dilənçiliyə cəlb edilməsi üzrə sorğunun keçirilməsi və ATƏT-in digər ən yeni fəaliyyətləri barədə ətraflı məlumat verilmişdir.
İnstitut və İnsan Alveri üzrə Xüsusi nümayəndənin ofisi arasında aşağıdakı birgə fəaliyyətlərin həyata keçirilməsinə dair razılıq əldə edilmişdir: ATƏT-in eksperti tərəfindən İnstitut əməkdaşları üçün insan alveri sahəsində tədqiqatların aparılması üsullarına dair vebinarın keçirilməsi, İnstitut tərəfindən ATƏT-in hakimlər üçün hazırladığı insan alverinə dair təlim modulununAzərbaycan dilinə tərcümə edilməsi və İnstitut əməkdaşları tərəfindən ATƏT-in İnsan Alveri üzrə Xüsusi nümayəndəsinin ofisinin əməkdaşları üçün bu sahədə ölkədə mövcud olan resurslar və mənbələr barədə təqdimatın keçirilməsi.
Sonda İnstitutun kitabxanası üçün ATƏT-in son nəşrləri hədiyyə edilmiş və xatirə fotosu çəkilmişdir.
Dərc olunub : 21-10-2022
Oxunma sayı : 41