Anonim
“İpoteka haqqında” qanunun 43-cü maddəsinin tətbiqi insan hüquqlarını pozur. Belə ki, həmin Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.
Əgər ipotekasaxlayan kredit təşkilatı (bank, BOKT ) olarsa bu müddəanın tətbiqini anlamaq olar, çünki likvid kredit təşkilatının hansısa əmlakın alınmasına maddi imkanı olur. Lakin borc (kredit) müqaviləsi iki fiziki şəxsin arasında bağlandığı və təminat kimi borcalanın hansısa əmlakı yüklü edildiyi halda bu maddənin tətbiqi borcverənin hüquqlarını pozur. AR Konstitusiya Məhkəməsi isə normanın tətbiqi zamanı yarana biləcək praktik problemləri görməkdən və maddədə müvafiq dəyişikliklərin olması zərurətini qeyd etməkdənsə, 28.10.14 tarixli qərarında göstərir: “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər”.
KM qərarını belə əsaslandırır: “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır”.
KM nəzərə almır ki, İpotekasaxlayan fiziki şəxsin hərracda satılmayan əmlakın dəyər fərqini ödəməyə maddi imkanı olmaya bilər. Və yaxud ipotekasaxlayan həmin əmlakı əldə etmək deyil, yalnız borc verdiyi vəsaiti qaytarmaq istəyə bilər. Belə olan halda iki dəfə hərrac keçirildikdən və ipotekasaxlayanın əmlakdan imtina etməsindən sonra ipotekanın ləğv edilməsi və borcalana qaytarılması borc verən şəxsin hüquqlarını pozur və borcalanların qanunun bu müddəasından süi-istifadələrinə yol açır.
Təklif: ya hərrac əmlak satılana qədər keçirilməlidir ki, borc qaytarılsın, ya da əmlak borcverən fiziki şəxsin mülkiyyətinə verilməlidir (ödənişsiz).
Dərc olunub : 06-09-2024