Qələndər İsbəndiyarov

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012-ci il 352-IVQ № -li Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin adında “həbsdən azad edilməsinin” sözlərinin işlədilməsi qüsurlu hesab edilə bilər. Belə ki, AR CPM tutulmuş şəxsin həbsdən azad edilməsini deyil, barəsində prosessual məcburiyyət tədbiri növündə tətbiq edilmiş şəxsin tutulmadan azad edilməsini nəzərdə tutmuşdur. Həbsdən azad edilmə isə barəsində prosessual məcburiyyət tədbirinin növü kimi həbs qətimkan tədbiri seçilmiş həbs edilmiş şəxsin həbsdən azad edilməsini ehtiva edir. Odur ki, şərh olunan Qanunun adında “həbsdən azad edilməsinin” sözlərinin əvəzinə “həbs yerlərindən azad edilməsinin” sözlərinin işlədilməsi məqsədəuyğun hesab edilir. Bu Qanunun 48.2.2-ci maddəsində “tutma” sözünün də işlədilməsi qüsurlu hesab edilə bilər. Belə ki, AR CPM-in XVI fəslində “Tutulma” kimi cianyət prosessual anlayışdan bəhs edilir. Ümumiyyətlə, AR CPM-in əksər maddələrində prosessual məcburiyyət tədbirinin bir növü olan “tutulma” sözü ifadə edilmişdir. Lakin AR CPM-in cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi haqqında yalnız bir maddəsində, 449.3.2-ci maddəsinin “tutma və həbsdə saxlanılması;” normasında “tutma” sözündən istifadə edilmişdir. Bu Qanunda və CPM-də konkret olaraq vahid “tutulma” kimi cinayət prosessual anlayışdan istifadə edilməsini daha məqsədəmüvafiq hesab edirik. Şərh olunan Qanunun 48.2.2-ci maddəsində “tutma” sözündən istifadə edilsə də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin “148.4-ci, 148.6-cı və 148.7-ci maddələrində nəzərdə tutulmuş qaydada tutulma müddətləri başa çatdıqda və uzadılmadıqda” və ya “uzadılmış tutulma müddət başa çatdıqda” sözlərindən istifadə edilməmişdir. Qeyd etmək lazımdır ki, tutulma müddətləri başa çatdıqda və uzadılmadıqda” və ya “uzadılmış tutulma müddət başa çatdıqda” tutulmuş şəxsin tutulmadan azad edilməsinə dair əsaslarının və qaydalarının bu Qanunun ayrıca konkret maddələrində verilməsini daha məntiqli hesab edirik. Beləliklə, həmin Qanunun 48-ci maddəsinin adına və 48.2.2-ci maddələrinə dəyişikliklərə və əlavələrə dair təklif olunan yeni redaksiya layihəsi aşağıdakılardır: 1) Maddə 48. Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərindən azad edilməsinin əsasları və qaydası; 2) 48.2.2. həbsdə saxlamanın Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan son müddəti başa çatdıqda və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda; 3) 48.2.2-2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin “148.4-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət işinin başlanmasına dair qərar olmadıqda tutulma müddəti başa çatdıqda; 4) 48.2.2-3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin “148.6-cı maddəsində nəzərdə tutulmuş qaydada həbs qətimkan tədbirinın seçilməsi haqqında qərar olmadıqda və ya CPM-in 148.7-ci maddəsinə görə tutulma müddəti uzadılmadıqda tutulma müddəti başa çatdıqda; 5) 48.2.2-4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 148.7-ci maddəsində nəzərdə tutulmuş qaydada uzadılmış tutulma müddəti başa çatdıqda.

Dərc olunub : 11-10-2024