Qələndər İsbəndiyarov
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012-ci il 352-IVQ № -li AR Qanununun 5.4 – cü maddəsinə əsasən, müvəqqəti saxlama yerləri AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılması, yenidən təşkil edilməsi və ya ləğv edilməsi müəyyən edilmişdir.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununun icrasının təmin edilməsi barədə 10 dekabr 2013-cü il 45 №-li AR Prezidentinin Fərmanının 2-ci bəndinə müvafiq olaraq bildirilmişdir ki, həmin Qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini AR DİN, AR İN, AR DTX və AR DSX həyata keçirirlər.
AR Silahlı Qüvvələri haqqında 29 dekabr 2017-ci il 955-VQ №-li AR Qanununun 1.0.1-ci və 1.0.3-cü maddələrində bildirilir ki, AR SQ – AR-nın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır və AR-nın başqa silahlı birləşmələri – SQ-nin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanlarıdır.
Bu nöqteyi-nəzərdən, AR Dövlət Sərhəd Xidməti qoşun növü olaraq, SQ-nin tərkib hissəsi olmaqla AR SQ haqqında Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanıdır (dövlət orqanın strukturuna daxil olan qurumdur).
Şərh olunan Qanunun 6 – cı maddəsinin (Hauptvaxtlar) 6.1-ci bəndinə görə, hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir.
Bundan əlavə, AR 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş AR SQ-nin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə Hauptvaxt haqqında 4 saylı əlavəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, hərbi qulluqçuları həbsdə saxlamaq üçün xüsusi yer — hauptvaxt hazırlanması, qarnizon (ümumlager), yaxud hərbi hissənin hauptvaxt ola bilməsi və həbsə alınmış matrosların və miçmanların gəmi karserində, yaxud hauptvaxtda saxlanıla bilməsi, yaxud hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçuların saxlanılması, habelə cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtların müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirməsi nəzərdə tutulmuşdur.
Yuxarıda qeyd olunanlara əsasən, hesab edirik ki, şərh olunan Qanunda və Fərmanda DSX-nın tabeliyində olan “müvəqqəti saxlama yerləri” sözlərinin əvəzinə “hauptvaxtlar” sözünün işlədilməsi və bu Fərmanın 2-ci bəndindən AR DSX-nın sözlərinin çıxarılması daha məqsədəmüvafiq hesab edilə bilər.
Beləliklə, şərh olunan Fərmanın 3-cü bəndinə əlavə edilməsinə dair təklif olunan yeni redaksiya layihəsi aşağıdakıdır:
3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini AR Müdafiə Nazirliyi və AR Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
Dərc olunub : 15-10-2024