Qələndər İsbəndiyarov

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 275-ci maddəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə” ifadəsində həm bu maddənin hipotezasında (adında), həm də dispozisiyasında Cinayət Qanunvericiliyi yalnışlığa və təkrarçılığa yol vermişdir. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmadan (CM-in 279-cu maddəsi) fərqli olara Azərbaycan Respublikasının Konstitusiyasına (Maddə 9. Silahlı Qüvvələr) və Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında Qanununa əsasən (1-ci maddənin (Əsas anlayışlar) 1.0.1, 1.0.2 və 1.0.3-cü bəndləri) Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət Azərbaycan Respublikasının Silahlı Qüvvələri yaradılır. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən kənar hərbi təsisat kimi nəzərdə tutula bilməz. Ona görədə, AR CM-nin 275-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmədə ifadə olunur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 275-ci maddəsinə aşağıdakı təklifimizin yeni redaksiya layihəsində verilməsini məqsədəmüvafiq hesab edirik: Maddə 275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə 275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə — yeddi ildən on iki müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dərc olunub : 01-11-2024