Əliyeva Günay Səhhət qızı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsində hüquqi şəxslərin 3 növü göstərilir: 1) kommersiya hüquqi şəxsləri; 2) qeyri-kommersiya hüquqi şəxsləri; 3) publik hüquqi şəxslər. Hüquqi şəxslərin sadalanan növlərə bölünməsi ilə əlaqədar olaraq konkret müəddanın olmasına baxmayaraq Mülki Məcəllənin digər müddəaları ilə uyğunsuzluq təşkil edən hallara rast gəlinir: 1. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri bölgüsü müəyyən edilsə də, Mülki Məcəllənin 4-cü fəslinin 2-ci və 3-cü paraqrafları uyğun olaraq “Kommersiya təşkilatları” və “Qeyri-kommersiya təşkilatları” adlanır. Hesab edirik ki, həmin paraqrafların adları da “Kommersiya hüquqi şəxsləri” və “Qeyri-kommersiya hüquqi şəxsləri” adlandırılmalıdır. Ona görə ki, Mülki Məcəllədə “təşkilat” sözünün məna və tərkibi müəyyən edilməyib, başqa sözlə, bu sözün hüquqi çərçivələri təsbit olunmayıb. Məcəllədə “təşkilat” sözü müxtəlif məna və məzmunlarda işlədilib. Məsələn, MM-in 54.1-ci maddəsində göstərilir ki, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır, yaxud Məcəllənin ayrı-ayrı maddələrində “sığorta təşkilatı”, “nəqliyyat təşkilatı”, “hərrac təşkilatı” ifadələri işlədilir.

Dərc olunub : 17-01-2025