Əliyeva Günay Səhhət qızı
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” 13 iyun 2000-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununun adı ilə AR MM-in 4-cü fəslinin “Qeyri-kommersiya təşkilatları” adlanan 3-cü paraqrafının adı arasında olan ifadə fərqini də qeyd etmək zəruridir. Hesab edirik ki, Qanunun adı qəyişdirilərək “Qeyri-kommersiya hüquqi şəxsləri” adlandırılmalı və Mülki Məcəlləyə uyğunlaşdırılmalıdır. Ona görə ki, “Normativ hüquqi aktlar haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Konstitusiya Qanununun 10.5-ci maddəsində də göstərilir ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Əlbəttə, aydındır ki, Mülki Məcəllə (01 sentyabr 2000-ci ildən qüvvəyə minmişdir) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanundan sonra qüvvəyə minmişdir.
Dərc olunub : 22-01-2025