Əliyeva Günay Səhhət qızı
Azərbaycan Respublikasının qanunvericiliyində, xüsusilə də məcəllələrin əksəriyyətində “azyaşlı” sözündən istifadə olunur. Lakin qanunvericilik aktlarının hər hansı birində “azyaşlı” sözünün məzmunu ilə əlaqədar dəqiq hüquqi çərçivə müəyyən edən norma nəzərdə tutulmamışdır. “Azyaşlı” sözünün məzmununu sistemdaxili təhlil nəticəsində müəyyənləşdirmək zərurəti yaranır.
I. Mülki Məcəllə “azyaşlı” sözünün məzmununu müxtəlif normaların təhlili (müqayisəsi) vasitəsilə müəyyən etmək olur. Mülki Məcəllə “azyaşlı” anlayışını hüquqi nəticə doğurmaq nöqteyi-nəzərindən iki məzmunda işlədir:
1) 7 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar) – Mülki Məcəllənin 28.3-cü maddəsi;
2) 7 yaşınından 14 yaşınadək olan yetkinlik yaşına çatmayanlar (azyaşlılar) – Mülki Məcəllənin 344.1.-ci, 1103.1-ci, 1120.1-ci maddələri.
Beləliklə, Mülki Məcəllə “azyaşlı” dedikdə, 14 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsləri nəzərdə tutur.
II. Əmək Məcəlləsində “azyaşlı” sözündən istifadə edilsə də, onun məzmununun nədən ibarət olduğu birbaşa müəyyən edilmir. Əmək Məcəlləsinin 248-ci maddəsinə əsasən dolayı yolla belə qənaətə gəlirik ki, yaşı 18-dən az olan şəxslər azyaşlı hesab edilirlər.
III. Ailə Məcəlləsinin yalnız 96-cı, Mülki Prosessual Məcəllənin 104.4.1-ci, İnzibati Xətalar Məcəlləsinin isə 32.1.3-cü maddələrində “azyaşlı” sözündən istifadə edilir, lakin hansı yaş həddində olan şəxslərin azyaşlılar sırasına aid olduğu açıqlanmır.
IV. Cinayət Məcəlləsinin 59.1.4.-cü, 61.1.7-ci və 79-cu maddələrində “azyaşlı” termini işlədilir. Yalnız 79-cu maddənin adı ilə dispozisiyasının müqayisəsi nəticəsində belə qənaət hasil edə bilərik ki, CM-də “azyaşlı” dedikdə, 14 yaşı tamam olmamış şəxslər nəzərdə tutulur.
V. Cinayət-Prosessual Məcəllənin 95.2.1-ci maddəsində şahid qismində çağırıla və dindirilə bilməyən şəxslərin sırasında azyaşlı da göstərilir. Lakin Məcəllənin heç bir normasında azyaşlının hansı yaş məhdudiyyətləri çərçivəsində ehtiva olunduğu təsbit edilmir.
Göründüyü kimi, ayrı-ayrı məcəllələrin normalarının sistemli təhlili nəticəsində “azyaşlı” termininin hüquqi çərçivəsnin, bəzi istisnalarla, demək olar ki, eyni olduğu aydınlaşmış olur.
Hüquqi müəyyənlik, habelə qanunvericilikdə işlədilən eyni söz və ifadələrin eyni (sabit) məzmun daşıması prinsipini nəzərə alaraq, həmçinin digər qanunvericilik aktlarında (məcəllələrdə) əksini tapan müddəalara əsaslanaraq, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8.0.7-ci maddəsində təsbit olunan normayaratma fəaliyyətinin əsas prinsiplərindən olan normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipinə uyğun olaraq Cinayət-Prosessual Məcəllədə də “azyaşlı” sözünə anlayış verilməsini məqsədəuyğun hesab edirik.
Ona görə də, CPM-in “Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları” adlanan 7-ci maddəsində 7.0.33-2-ci maddənin 7.0.33-3-cü maddə hesab edilməsini və yeni 7.0.33-2-ci maddənin əlavə edilməsini təklif edirik:
“7.0.33-2. azyaşlı uşaq - on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan şəxsdir;”.
Dərc olunub : 10-02-2025