Əliyeva Günay Səhhət qızı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məhkumların yemək və maddi-məişət normaları” (1-24 nömrəli əlavələr) ilə bağlı 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarının 19 nömrəli Əlavəsində – “Məhkum hamilə qadınların doğuşdan qabaq istirahət və uşağı yemləmə zamanı geyim əşyaları normaları” adlı başlıqda – “uşağı yemləmə” ifadəsi işlənmə məqamına görə yerində olan bir ifadə deyil. Azərbaycan dilinin izahlı lüğətində “yem” sözünün leksik mənası və izahı verilir. Yem – heyvanlara verilən yeyəcək kimi izah edilir. Yemləmək – heyvanlara, quşlara yem vermək, heyvanları yedirtmək anlamında istifadə olunur. Azərbaycan dilinin etimologiya lüğətində göstərilir ki, “yem” sözü “ye-yim” şəklində olub, sonradan “yim” şəkilçisindəki ilk iki səs ixtisara düşüb və kəlmə “yem” formasında sabitləşib. Azərbaycan Respublikasının 31 may 2005-ci il tarixli “Baytarlıq haqqında” Qanununun 1.0.15-ci maddəsində “yem” sözü heyvanların qidalanmasında istifadə olunan məhsul kimi, 3.0.5-ci maddəsində isə “heyvanların yemləndirilməsi” ifadəsi işlənmişdir. Buradan aydın görünür ki, yemləmək – heyvanlara, quşlara yem vermək, heyvanları yedirtmək anlamında olduğuna görə onu insanın qidalanması ilə bağlı ifadələrdə işlətmək məntiqli deyil.

Bundan başqa, AR Əmək Məcəlləsinin 243-cü maddəsində deyilir: “Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir”. Eyni zamanda, həmin Məcəllənin 244-cü maddəsində deyilir ki, “Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir”. Bu maddələrdən də aydın görünür ki, uşağın qidalanması ilə bağlı işlənən ifadələr işlənmə məqamına görə düzgün seçilib. Burada uşağı “yedizdirmək” və ya “əmizdirmək” sözlərindən istifadə edilib. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Qərarına edilmiş 19 nömrəli Əlavədə - “Məhkum hamilə qadınların doğuşdan qabaq istirahət və uşağı yemləmə zamanı geyim əşyaları normaları” adlı başlıqda “uşağı yemləmə” ifadəsi işlənmə məqamına görə düzgün seçilməyib və sözügedən əlavənin başlığında qeyd edilən “uşağı yemləmə” ifadəsinin “uşağı yedizdirmə” və ya “uşağı yedizdirmə (əmizdirmə)” ifadəsi ilə əvəzlənməsi məqsədəuyğundur. Azərbaycan dilinin izahlı lüğətində “əmizdirmək” sözü döşdən süd vermək mənasına gəlir. Ona görə də sözügedən 19 nömrəli Əlavədə uşağı qidalandırma ananın südü ilə qidalanmaqdan bəhs etdiyinə görə “yedizdirmə” sözündən sonra mötərizədə “(əmizdirmə)” sözü əlavə olunarsa, bu ifadə daha anlaşılan olar.


Dərc olunub : 17-02-2025

Rəylər



Rəy bildir