Nurlana Əliyeva
Əmək pensiyaları haqqında qanunun 20.11.1-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavə hesablanır. Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Qanunun 20.11.1-ci maddəsində heç bir məhdudiyyət qoyulmadan 5 il qulluq stajı olan şəxsə əlavə təyin edilməsi müəyyən edilib. Lakin praktikada pensiya təyin edən qurum 5 illik qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin sadəcə 45%-i məbləğində pensiya təyin edir. Həmin şəxsə qüvvədə olan əmək pensiyasının baza və sığorta hissəsinin ödənilməsi aparılmır.
Əvvəla, qanunun 20.11.3-cü maddəsində nəzərdə tutulan məhdudiyyət – dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilmək məsələsi, geniş təfsir edilərək 20.11.1-ci maddəyə də tətbiq edilməsi doğru deyil. İkincisi, hətta məhdudiyyət tətbiq edilsə belə, pensiyanın hesablanması yenə doğru aparılmır. Məhdudiyyətin məzmununa baxılsa görünür ki, dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından pensiya məbləği (baza+sığorta) çıxılaraq əlavə müəyyən edilməli olduğu halda, pensiya təyin edən qurum sadəcə əlavədən ibarət pensiya təyin edir.
Dərc olunub : 19-07-2024