Leyla Cəlil qızı Məmmədova

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsində (“Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır”) və 3.0.2-ci maddəsində (“Ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, qarşılıqlı məhəbbət, dostluq və hörmət hissləri əsasında qurulur”) təsbit edilən prinsipləri rəhbər tutaraq, nikahın sabitliyini və ailə münasibətlərinin möhkəmlənməsini təmin etmək, saxta və qısaömürlü nikahların qarşısının alınması, yeni evliliklərin psixoloji və sosial cəhətdən adaptasiyası məqsədilə məcəllənin 9-cü maddəsinə (Nikahın bağlanma qaydası) və ya aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi təklif olunur.

Nikahdan sonrakı ilk dövrlərdə “Ailəni məcburi qoruma dövrü və ya ili”:

a) Nikahın bağlanmasından sonrakı ilk 3 il müddəti “Ailəni məcburi qoruma dövrü və ya ili” hesab edilsin;

b) Bu müddət ərzində tərəflərdən birinin və ya hər ikisinin nikahın pozulması barədə müvafiq icra orqanına ərizə ilə müraciəti qanunsuz hesab edilsin;

c) Yalnız tərəflərin birgə sosial, iqtisadi və psixoloji uyğunluğunu qiymətləndirən məcburi ailə müayinəsi və ya ailə dəyərləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildikdən və ciddi səbəblər aşkarlandıqdan sonra ərizə ilə edilən müraciət əsaslı hesab edilərək qəbul edilsin;

d) Bu dövr ərzində övladı olmayan ailələrin nikahının pozulması ilə bağlı müraciətləri yalnız psixoloji və tibbi uyğunsuzluğun ciddi və əsaslı səbəblərlə sübut edildiyi hallarda məhkəmə tərəfindən təmin edilsin, əks halda bu dövr müddətində cütlüklərin ayrılmasına icazə verilməsin;

e) Məcəllənin 15-ci maddəsində əks olunan (Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması) - arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz müddəası “Ailəni məcburi qoruma dövrü və ya ili” maddəsi nəzərə alınmaqla 3 il müddətinədək artırılsın; (Bu dəyişiklik uşağın doğulduqdan sonrakı ilk 3 ilinin onun fiziki, emosional və psixoloji inkişafının ən mühüm mərhələsi olması, eləcə də valideynlərin birgə ailə mühitində iştirakının uşağın sağlam formalaşmasında xüsusi əhəmiyyət kəsb etməsi ilə əsaslandırılaraq təklif olunur).

f) Uşağın inkişafına və psixoloji durumuna mənfi təsir göstərən ailə mühiti və ya digər istisna hallar mövcud olduqda nikahın pozulması prosesi icra olunsun və həmin dövr ərzində uşağın saxlanması məqsədilə ödənilən alimentin məbləği dövlət tərəfindən müəyyən edilmiş minimum həddin iki mislinədək artırılaraq ödənilsin;

g) Bu müddət ərzində tərəflərdən hər hansısa birinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yarandığı hallar sübut olunarsa bu müddətin tətbiqinə xitam verilə bilər.

Bu bəndlərin məcəllənin müvafiq maddələrində yer alması ailə münasibətlərinin könüllülük prinsipi əsasında qorunması və möhkəmləndirilməsinə, saxta və formal nikahların, maddi maraq naminə bağlanan evliliklərin qarşısının alınmasına, erkən boşanmaların azalmasına, habelə yeni evliliklərin sosial və psixoloji cəhətdən dayanıqlığının artırılmasına dəstək ola bilər. Eyni zamanda alimentin miqdarının yüksək təyin olunması tərəfləri boşanma fikrindən çəkindirə bilər.


Dərc olunub : 07-11-2025

Rəylər



Rəy bildir