Əliyeva Günay Səhhət qızı

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.21-ci maddəsində inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqlara ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla, onların xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsindən bəhs edilir. Əlbəttə, heç bir uşaq ayrı-seçkiliyə məruz qalmamalıdır və təhsil almalıdır, bu, dövlətin prioritetlərindən biridir. Xüsusi qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud olan uşaqların məktəb və sinif otaqlarına adaptasıya olması müəyyən vaxt tələb edir. Dərs zamanı onlar qeyri-ixtiyari hərəkətlər edirlər, sinfə uyğunlaşa bilmirlər və bu da dərs prosesini pozur, sağlam şagirdlərin dərsi qavramasına mane olur, uşaqlar müəyyən çətinliklərlə üzləşirlər. Qeyd olunan maddəyə əsasən, bir tərəfdən sağlamlıq imkanları məhdud olan uşaqlara qarşı ayrı-seçkiliyə yol verilmir, lakin digər tərəfdən isə sağlam şagirdlərin hüquqları həm mənəvi, həm də psixoloji cəhətdən pozulmuş olur. İnklüziv təhsilə qoşulmuş məktəblərin elə inklüziv ibtidai sinifləri var ki, orada 2 nəfər sağlamlıq imkanları məhdud olan uşaq təhsil alır. Bəzən onları idarə etmək qeyri-mümkün olur, bu da dərs prosesində xoşagəlməz hallar yaradır. Qanunun 1.0.33-cü maddəsinin ikinci cümləsində “əqli və (və ya) psixi ləngimələri olan şəxs” ifadəsindən də göründüyü kimi, bu cür uşaqların sağlam uşaqlarla bir sinifdə təhsilə cəlb edilmələri çox böyük çətinliklər yaradır.

Fikrimizcə, adıçəkilən Qanunun 1.0.21-ci maddəsində “xüsusi şərait yaratmaqla” deyərkən, hansı mexanizimdən bəhs olunduğu konkret göstərilməlidir. Təklif edirik ki, xüsusi qayğıya ehtiyac duyan sağlamlıq imkanları məhdud olan uşaqlar məktəblərdə ayrıca sinif otaqlarında defektoloq və psixoloqun dəstəyi ilə ibtidai sinif müəllimləri tərəfindən müəyyən saatlarda məktəb mühitinə alışanadək dərs keçsinlər, daha sonra sağlam şagirdlərlə bir sinifdə dərs prosesinə başlasınlar. Belə olan halda dərsin keyfiyyəti daha da yüksələr, həm müəllimlər, həm də uşaqlar üçün yaranan çətinliklər qismən də olsa aradan qalxmış olar. Həmçinin inklüziv təhsilə qoşulmuş məktəblərdə sağlamlıq imkanları məhdud olan uşaqların fiziki əlçatanlığını təmin etmək məqsədilə, həmin məktəblər xüsusi sanitar qovşaqları ilə təmin edilməlidir.


Dərc olunub : 19-11-2025

Rəylər



Rəy bildir