Qələndər İsbəndiyarov

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 80.4-cü, 82.2-ci, 91.8-ci, 92-ci, 95.2-ci, 99.3-cü və 100.2-ci maddələrində nəzərdə tutulan müəyyən qrup şəxslər kateqoriyasına aid orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, hamilə qadınlara, cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində üç yaşına çatmamış uşağı olan məhkum qadınlara, müalicə müəssisələrində və yoluxucu xəstəliyə tutulmuş şəxslərin saxlanılması və müalicəsi üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrindəki məhkumlara, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara digər məhkumlardan fərqli olaraq onlara bəlli üstün təminat hüquqları verilmişdir. Lakin, yuxarıda qeyd edilən müəyyən qrup şəxslər kateqoriyasına aid edilən üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi məhkumları qanunverici orqan AR CİM-ə daxil etməmişdir. Məqsədəmüvafiq hesab edilir ki, “üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi məhkumları” sözləri AR CİM-nin adı çəkilən müvafiq maddələrinə əlavə edilsin. 1) 80.4. ..., ..., cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində uşaqları olan qadınlara və uşağını təkbaşına böyüdən kişilərə, müalicə müəssisələrində və yoluxucu xəstəliyə tutulmuş şəxslərin saxlanılması və müalicəsi üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrindəki məhkumlara əlavə olaraq ayda on beş manat miqdarında qida məhsulları və ən zəruri mallar əldə etməyə icazə verilir. 2) 82.2. ... və uşaq evlərində uşaqları olan qadın və uşağını təkbaşına böyüdən kişi məhkumların, ... bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur. 3) 88.1...., habelə uşaq üç yaşına çatanadək (o cümlədən 3 yaşınadək uşağını təkbaşına böyüdən məhkum kişilərə) cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər. 4) Maddə 92. Hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların və 3 yaşınadək uşağını təkbaşına böyüdən məhkum kişilərin maddi-məişət təminatının xüsusiyyətləri 92.1. Cəzaçəkmə müəssisələrində məhkum qadınların və uşağını təkbaşına böyüdən məhkum kişilərin üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. ... Məhkum qadınlar və uşağını təkbaşına böyüdən məhkum kişilər asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər. 92.2. Məhkum qadınların və uşağını təkbaşına böyüdən məhkum kişilərin uşaqları ananın və atanın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər. 92.3. Üç yaşı tamam olmuş uşaqların anasının və uşağını təkbaşına böyüdən məhkum atanın cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və onlar, analıq və ya atalıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər. 5) 95.2. ..., hamiləliyi dörd aydan çox olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan qadın məhkumlara və uşağını təkbaşına böyüdən kişi məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. 6) 99.3. ... və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınların və uşağını təkbaşına böyüdən məhkum kişilərin şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir. 7) 100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar və uşağını təkbaşına böyüdən məhkum kişilər, .... peşə təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.

Published : 28-11-2024