Süni intellekt (AI) xüsusilə Tərəflər Konfransı (COP) kimi qlobal iqlim danışıqları kontekstində ekoloji problemlərin həllində və insan hüquqlarının qorunmasında həm çətinliklər, həm də imkanlar təqdim edir. Süni intellekt enerji istifadəsini optimallaşdırmaq, iqlim modelləşdirməsini təkmilləşdirmək və mühafizə səylərini artırmaqla ətraf mühitin qorunmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər. Məsələn, süni intellektlə idarə olunan sistemlər meşələrin qırılmasına nəzarət etməyə, təbii fəlakətləri proqnozlaşdırmağa və real vaxt rejimində resursların bölüşdürülməsini optimallaşdırmağa və bununla da ətraf mühitə dəyən ziyanı azaltmağa kömək edə bilər. Qlobal nöqteyi-nəzərdən, süni intellektin COP müzakirələrinə inteqrasiyası ətraf mühitin davamlılığı və insan hüquqlarının müdafiəsi ilə uyğunlaşan məsuliyyətli süni intellektin inkişafının zəruriliyini vurğulayır. Bu, etik prinsipləri pozmadan süni intellekt texnologiyalarının həm planetə, həm də cəmiyyətə fayda gətirəcək şəkildə işlənib hazırlanmasını və istifadəsini təmin etmək üçün beynəlxalq standartların və çərçivələrin yaradılmasını nəzərdə tutur.
Müəllif :
Vədiyə Ələkbərzadə
Nəşr tarixi : 2024
Məqalədə qeyd olunur ki, beynəlxalq hüquqi tənzimetmənin həlledici elementi olaraq ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə müqavilə əməkdaşlığının spesifik xüsusiyyətləri həm dünya birliyi, həm də ayrı-ayrı dövlətlər səviyyəsində qüvvədə olan normalarda öz əksini tapır. Qlobal səviyyədə ekoloji təhlükəsizliyin təmin edilməsi məsələsi üzrə milli implementasiya mexanizminə təsir edən dövlətlərin müqavilələr bağlamaq təşəbbüsləri yüksələn xətlə inkişaf edir. Dövlәtlәrin, elәcә dә beynәlxalq birliyin bütövlükdә insan hәyatına tәhlükә yaradan ekoloji tәhlükәlәrin әmәlә gәlmәsinin vә onların qarşısının alınması vә onlara qarşı tәdbirlәr görmәk kimi vәzifәlәri vardır. Müasir dövrdə aparılan araşdırmalar ətraf mühit üçün ən təhlükəli problemlər kimi əhalinin yerdəyişməsi, resursların tükənməsi, havanın, suyun çirkləndirilməsi, tullantıların məhv edilməsi, okeanın turşuluğunun artması, turşu yağışları, ozon qatının deşilməsi, qlobal istiləşmə və iqlim dəyişikliyi, biomüxtəliflliyin dağıdılması və yaşayış mühitlərinin dəyişməsi, meşələrin məhvi, şəhərlərin böyüməsini qeyd edirlər.
Müəllif :
Aygül Cahangirova
Nəşr tarixi : 2024
Vəhşi heyvanların və bitki ehtiyatlarının qanunsuz ticarəti dünyanın ən geniş yayılmış və gəlirli ekoloji cinayətlərindən biridir və qlobal ekosistemlər, insan sağlamlığı və iqtisadiyyata ciddi təhlükələr yaradır. Bu məqalə, qanunsuz ticarətin flora və faunaya mənfi təsirlərini və onun ekosistemlərdə yaratdığı dağıdıcı təsirləri ətraflı araşdırır. İlk növbədə, qanunsuz ticarətin biomüxtəliflik üzərində yaratdığı təhdidlər vurğulanır və ekosistem balansına zərər vuraraq torpaq eroziyası, su dövranında dəyişikliklər və iqlim dəyişikliyi kimi fəsadlara səbəb olduğu bildirilir. Müəllif həmçinin qanunsuz ticarətlə mübarizə məqsədilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan hüquqi və tənzimləyici tədbirləri təhlil edir. Bu tədbirlər arasında CITES Konvensiyası və digər beynəlxalq qanunvericilik sənədləri, həmçinin milli strategiyaların və xüsusi icra strukturlarının yaradılması da qeyd olunur. Qanunsuz ticarətlə əlaqəli korrupsiya və çirkli pulların yuyulması kimi problemlərin ekosistemə ziyan vurduğu və cinayətkarlığın güclənməsinə səbəb olduğu diqqətə çatdırılır. Bundan əlavə, Azərbaycanın milli qanunvericiliyindəki boşluqlar və bu sahədə görülməsi vacib olan preventiv tədbirlər də əhatə olunur. Bu məqalə, qanunsuz ticarətə qarşı effektiv mübarizənin yalnız sərhəd tanımayan beynəlxalq əməkdaşlıq vasitəsilə mümkün olduğunu göstərir və gələcəkdə ekoloji hüququn gücləndirilməsi üçün təkliflər irəli sürür.
Müəllif :
Anar Mahmudov
Nəşr tarixi : 2024
“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar və 2024-cü ilin plan proqramına uyğun olaraq, elmi-tədqiqat işlərinin icrası üçün Zəngilan rayonu Oxçuçay ətraf ərazilərinin torpaq, su, bitki örtüyü göstəricilərinin kompleks tədqiqi məqsədilə monitorinq təşkil edilmişdir. Zəngilan rayonu Oxçuçay ətraf ərazisinin ekoloji şəraiti, meşə tipləri və bitki örtüyü tədqiq edilmişdir. Zəngilan rayonu coğrafı mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Bitki örtüyündə bozqır formasiyası geniş yer tutıır. Quru çöl, dağ kserofıt bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr geniş yayılmışdır. Burada meşənin əsas tərkibi, Araz palıdı (Quercus araxina A.Grossh.), şərq çinarı (Platanus orientalis L.), qovaq (Populus L.) və qalan hissəsi isə qarışıq meşəliklərdən ibarətdir. Çay yatağı boyunca və kiçik terraslarda allüvial torpaqlar əsasən çinar meşələri (Platanetum) altındadır. Tərkibdə adi qoz (Juglans regia L.), dağdağan (Celtis glabrata Steven ex Planch.), qarağac (Ulmus araxina Takht.), vələs (Carpinus orientalis Mill.) mövcuddur. Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axınına landşaftlara təsiri, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmalar və s. öyrənilmışdır. Oxçuçayın ümumi uzunluğunun 40 kilometrlik hissəsi Ermənistan ərazisinə düşür. Bu hissədə Ermənistanın iri dağ-mədən sənaye müəssisələrindən çayın suyuna axıdılan ağır metallar və digər zərərli kimyəvi elementlər, məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmışdir. Məhz bu səbəblərdən – antropogen və iqlim dəyişmələri nəticəsində Oxçuçay ərazisinin bəzi ərazilərində meşəəmələgətirən ağac cinslərinin azalmasına səbəb olmuşdur. Eyni zamanda işğal dövründə çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalmışdır. Tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, iqlim dəyişkənliyi və antropogen amillərin təsiri nəticəsində meşə biosenozlarının sahəsi 30-40% və bəzi məlumatlara görə daha şox azalmışdır və təbii-struktur dəyişikliyinə məruz qalmışdır.
Müəllif :
Aynur Hüseynova, Minarə Hüseynova, Nigar Bədəl-Zadə
Nəşr tarixi : 2024
Məqalədə Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemlərinin yayılmış meşə ekosistemlərində mövcud olan ekocoğrafi problemlər təhlil edilmişdir. Belə ki, intensiv mənimsənilmə nəticəsində meşə ekosistemləri öz ilkin vəziyyətini itirmiş və deqradasiyaya uğramışdır. Araşdırmalar göstərir ki, meşələrin sıxlığının azalması, növ müxtəlifliyinin azalması, meşə döşənəyinin zədələnməsi və ümumi məhsuldarlığın zəifləməsi müşahidə edilir. Bu dəyişikliklər əsasən kənd təsərrüfatı məqsədləri ilə həyata keçirilən meşə qırımları, otlaq sahələrinin genişləndirilməsi, həmçinin yanacaq kimi istifadə üçün meşələrin intensiv istismarı ilə bağlıdır. Məqalədə həmçinin meşə yanğınlarının da bu ekosistemlərin transformasiyasında və onların strukturunun dəyişməsində əhəmiyyətli rol oynadığı vurğulanmışdır. Tədqiqat nəticəsində meşə ekosistemlərinin uzun müddət davam edən bu mənfi təsirlərə qarşı zəifləmiş olduğu və bu amillərin gələcəkdə bölgənin iqlim və ekoloji balansına təsir edəcəyi müəyyən edilmişdir. Müvafiq olaraq, meşə resurslarının qorunması üçün ekosistemə uyğun, davamlı və dayanıqlı idarəetmə strategiyalarının tətbiq edilməsinin vacibliyi qeyd olunmuşdur.
Müəllif :
Gülnar Hacıyeva
Nəşr tarixi : 2024
Məqalədə Qarabağ iqtisadi rayonunun tibbi-coğrafi şəraitinə müasir ekoloji vəziyyətin təsiri və xəstəliklərin yayılmasında rolu tədqiq olunmuşdur. 30 il müddətində hərbi təcavüzkarlığın davam etməsinin ekocoğrafi mühitin çirklənməsinə səbəb olması, xüsusilə də atmosferin ekoloji vəziyyətinin gərginləşməsinin bütün təbii komponentlərə güclü təsiri şərh olunmuşdur. Ərazinin tibbi-coğrafi şəraiti, iqlim xüsusiyyətləri, hidroloji amillər, torpaq ehtiyatlarının işğal dövründə gərgin ekoloji vəziyyəti tədqiq olunmuş və insanların sağlamlığına təsiri nəticəsində xəstəliklərin lokalizasiya fərqləri öyrənilmişdir. Qarabağ iqtisadi rayonunun əhalisi arasında yayılan xəstəliklərin dinamikasının region daxili fərqləri xəritələşdirilmiş, əhali arasında xəstəliklərin lokalizasiyasına görə yayılmasının ArcGis proqram təminatında elektron bazası yaradılmış, xəstəliklərin əhalinin yaş və cins tərkibinə görə yayılmasının fərqli xüsusiyyətləri təhlil olunmuşdur.
Müəllif :
Solmaz Rzayeva
Nəşr tarixi : 2024
Məqalədə mədəni soyqırımın anlayışı və əsas xüsusiyyətləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika və mühüm beynəlxalq normalar əsasında geniş təhlil edilir. Göstərilənlərə əsasən qeyd edə bilərik ki, mədəni soyqırımı mahiyyət etibarilə soyqrımı cinayətinin bir növü kimi qiymətləndirilə bilər. Mədəni soyqırımın əsas xüsusiyyətləri kimi onun vahid niyyətlə törədilməsi çıxış edir. Belə ki, mədəni irsin, mədəni sərvətlərin və ya obyektlərin, habelə onların saxlandığı yerlərin məhv edilməsi, onlara ziyan vurulmasında əsas niyyət kimi həmin mədəni irsin aid olduğu qrupun izlərinin aradan götürülməsi dayanır. Mədəni soyqırımına xas olan əsas əlamətlərdən daha biri isə müvafiq əməlin törədilməsi zamanı ictimai təhlükəli əməllə zərər vurulan obyektlərin həmin qrupa aid olması ilə əlaqədardır. Mədəni soyqırımını özündə ehtiva edən əməllərin dairəsi geniş şəkildə təsbit olunmalıdır. Buraya mədəni irsin, mədəni irs nümunələrinin, mədəni irs nümunələrinin saxlandığı yerlərin, qrupa məxsus muzey, kitabxana, tarixi abidələrin, qrupun dilində olan materialların məhv edilməsi, onlara məxsus adət-ənənələrin, incəsənət və folklor nümunələrinin, ənənəvi biliklərin, yaşayış qaydaları və onları identifikləşdirməyə imkan verən geyimlər və s.-dən istifadənin qadağan edilməsi aid edilməlidir.
Müəllif :
Leyla Həşimova
Nəşr tarixi : 2024
Məqalədə əsas insan hüquqlarından biri olan yaşamaq hüququna müxtəlif rakurslardan baxışlar edilərək ətraf mühitin bu hüquqa təsir formaları təhlil edilmişdir. İnsanın ən ali hüququ olan yaşamaq hüququnun keyfiyyətli qorunması üçün ekoloji hüquq qaydalarına əməl olunmasının vacibliyi əsaslandırılmış, təbiət-cəmiyyət münasibətlərinin tənzimlənməsi üçün səmərəli təkliflər irəli sürülmüşdür. Eyni zamanda məqalədə ekoloji təhklükəsizliyin milli təhlükəsizlik sistemində yeri və əhəmiyyəti vurğulanmışdır. Araşdırmada heç bir dövlət sərhədi tanımayan ekologiyanın qorunmasında dövlətlərin beynəlxalq əməkdaşlığının vacibliyi əsaslandırılmışdır. Planetimizin ekosisteminin qorunmasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UN FCCC) və onun ali qərarlar qəbul edici orqanı olan Tərəflər Konfransının (COP) əhəmiyyəti qeyd edilmişdir. Məqalədə Azərbaycan Respublikasında həyata keçrilən ekoloji siyasət təhlil olunmuş, ictimai qurumların, QHT və Fondların fəaliyyətinə diqqət çəkilmişdir.
Müəllif :
Daşqın Qənbərov
Nəşr tarixi : 2024
Məqalədə müəlliflər tərəfindən müasir dövrdə ətraf mühitin ekoloji problemlərin tənzimlənməsinin hüquqi aspektləri nəzərdən keçirilir. Qeyd edilir ki, ətraf mühitin və ekologiyanın, eləcə də təbii sərvətlərin qorunması mühüm dövlət və ümumxalq əhəmiyyəti olan bir məsələdir. Bəşəriyyətdə insan həyatı, cəmiyyətin inkişafı təbiət və ətraf mühitlə sıx bağlı olduğuna görə, insanların və gələcək nəsillərin sağlam mühitdə yaşaması ətraf mühitin və təbii sərvətlərin səmərəli mühafizə edilməsi amili ilə şərtlənir. Dünyada baş verən sənaye inqilabları, müharibələr və artan demoqrafik problemlər təbiətdəki tarazlığı pozmaqla dünyanı bərpası, bəlkə də, mümkün olmayan ekoloji fəlakətlərlə qarşı-qarşıya qoyur. Hər bir dövlətin sosial-iqtisadi inkişafı, əhalinin maddi və mənəvi tələbatının ödənilməsi, xalqların güzəranının yaxşılaşdırılması, habelə ekoloji təhlükəsizliyin etibarlı formada təmin edilməsi ətraf mühitin mühafizəsi məsələsini ciddi şəkildə qarşıya qoyur. Müvafiq sahəni tənzimləyən mövcud normalar vasitəsi ilə həyata keçirilən beynəlxalq-hüquqi tənzimetmə iki əsas məsələyə yönəlmişdir: həmin məsələlərdən biri ətraf mühitin çirklənməsinin qarşısının alınmasından, digəri isə təbii resurslardan rasional istifadəni təmin etməkdən ibarətdir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən, başlıca prioritetlərdən biridir. Bu kontekstdə ekoloji-hüquq münasibətlərinin tənzimlənməsi xüsusi aktuallıq kəsb edir.
Müəllif :
Etibar Əliyev, Leyla Mirzəyeva
Nəşr tarixi : 2024
Konstitusion qaydada təsbit olunan sağlam (və ya əlverişli) ətraf mühitdə yaşamaq hüququ hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququnu ehtiva edir. İnsan inkişafının əsasında onun sağlamlığının qorunması dayanır ki, bunu ekoloji cəhətdən təmiz ətraf mühit olmadan təsəvvür etmək mümkün deyil. Məhz ona görə də yalnız fərdlərin deyil, xalqların toplu şəkildə əlverişli ətraf mühit hüququ üçüncü nəsil hüquqlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Davamlı İnkişaf Məqsədlərinin əksəriyyəti bu hüququn qorunmasını ön plana çəkir (6, 7, 13, 14-, 15-ci DİM-lər). Rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə əlverişli ətraf mühit hüququnun informasiya hüquqi təminatı üçün də yeni tendensiyalar və eləcə də ətraf mühitə dair informasiya almaq hüququna yeni hüquqi yanaşma formalaşmışdır. Həm aktiv, həm də passiv tərəfi ilə xarakterizə olunan bu hüququn təminatı beynəlxalq və milli-hüquqi tənzimləmənin predmetini təşkil edir. Məqalədə əlverişli ətraf mühit hüququ ilə əlaqəli formada təhlillər əsasında müxtəlif məhkəmə işləri tədqiq olunaraq, beynəlxalq yurisdiksiyada müdafiə mexanizmləri ilə bağlı əsas məqamlar araşdırılmış, paralel olaraq milli təcrübədə olan çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər təqdim olunmuşdur
Müəllif :
Gülnaz Rzayeva, Elnur Hümbətov, Nəzrin Əliyeva
Nəşr tarixi : 2024