Məqalədə Böyük Qafqazın şimal-şərq yamacının dağ geosistemlərinin yayılmış meşə ekosistemlərində mövcud olan ekocoğrafi problemlər təhlil edilmişdir. Belə ki, intensiv mənimsənilmə nəticəsində meşə ekosistemləri öz ilkin vəziyyətini itirmiş və deqradasiyaya uğramışdır. Araşdırmalar göstərir ki, meşələrin sıxlığının azalması, növ müxtəlifliyinin azalması, meşə döşənəyinin zədələnməsi və ümumi məhsuldarlığın zəifləməsi müşahidə edilir. Bu dəyişikliklər əsasən kənd təsərrüfatı məqsədləri ilə həyata keçirilən meşə qırımları, otlaq sahələrinin genişləndirilməsi, həmçinin yanacaq kimi istifadə üçün meşələrin intensiv istismarı ilə bağlıdır. Məqalədə həmçinin meşə yanğınlarının da bu ekosistemlərin transformasiyasında və onların strukturunun dəyişməsində əhəmiyyətli rol oynadığı vurğulanmışdır. Tədqiqat nəticəsində meşə ekosistemlərinin uzun müddət davam edən bu mənfi təsirlərə qarşı zəifləmiş olduğu və bu amillərin gələcəkdə bölgənin iqlim və ekoloji balansına təsir edəcəyi müəyyən edilmişdir. Müvafiq olaraq, meşə resurslarının qorunması üçün ekosistemə uyğun, davamlı və dayanıqlı idarəetmə strategiyalarının tətbiq edilməsinin vacibliyi qeyd olunmuşdur.
Müəllif :
Gülnar Hacıyeva
Nəşr tarixi : 2024
Məqalədə Qarabağ iqtisadi rayonunun tibbi-coğrafi şəraitinə müasir ekoloji vəziyyətin təsiri və xəstəliklərin yayılmasında rolu tədqiq olunmuşdur. 30 il müddətində hərbi təcavüzkarlığın davam etməsinin ekocoğrafi mühitin çirklənməsinə səbəb olması, xüsusilə də atmosferin ekoloji vəziyyətinin gərginləşməsinin bütün təbii komponentlərə güclü təsiri şərh olunmuşdur. Ərazinin tibbi-coğrafi şəraiti, iqlim xüsusiyyətləri, hidroloji amillər, torpaq ehtiyatlarının işğal dövründə gərgin ekoloji vəziyyəti tədqiq olunmuş və insanların sağlamlığına təsiri nəticəsində xəstəliklərin lokalizasiya fərqləri öyrənilmişdir. Qarabağ iqtisadi rayonunun əhalisi arasında yayılan xəstəliklərin dinamikasının region daxili fərqləri xəritələşdirilmiş, əhali arasında xəstəliklərin lokalizasiyasına görə yayılmasının ArcGis proqram təminatında elektron bazası yaradılmış, xəstəliklərin əhalinin yaş və cins tərkibinə görə yayılmasının fərqli xüsusiyyətləri təhlil olunmuşdur.
Müəllif :
Solmaz Rzayeva
Nəşr tarixi : 2024
Məqalədə mədəni soyqırımın anlayışı və əsas xüsusiyyətləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika və mühüm beynəlxalq normalar əsasında geniş təhlil edilir. Göstərilənlərə əsasən qeyd edə bilərik ki, mədəni soyqırımı mahiyyət etibarilə soyqrımı cinayətinin bir növü kimi qiymətləndirilə bilər. Mədəni soyqırımın əsas xüsusiyyətləri kimi onun vahid niyyətlə törədilməsi çıxış edir. Belə ki, mədəni irsin, mədəni sərvətlərin və ya obyektlərin, habelə onların saxlandığı yerlərin məhv edilməsi, onlara ziyan vurulmasında əsas niyyət kimi həmin mədəni irsin aid olduğu qrupun izlərinin aradan götürülməsi dayanır. Mədəni soyqırımına xas olan əsas əlamətlərdən daha biri isə müvafiq əməlin törədilməsi zamanı ictimai təhlükəli əməllə zərər vurulan obyektlərin həmin qrupa aid olması ilə əlaqədardır. Mədəni soyqırımını özündə ehtiva edən əməllərin dairəsi geniş şəkildə təsbit olunmalıdır. Buraya mədəni irsin, mədəni irs nümunələrinin, mədəni irs nümunələrinin saxlandığı yerlərin, qrupa məxsus muzey, kitabxana, tarixi abidələrin, qrupun dilində olan materialların məhv edilməsi, onlara məxsus adət-ənənələrin, incəsənət və folklor nümunələrinin, ənənəvi biliklərin, yaşayış qaydaları və onları identifikləşdirməyə imkan verən geyimlər və s.-dən istifadənin qadağan edilməsi aid edilməlidir.
Müəllif :
Leyla Həşimova
Nəşr tarixi : 2024
Məqalədə əsas insan hüquqlarından biri olan yaşamaq hüququna müxtəlif rakurslardan baxışlar edilərək ətraf mühitin bu hüquqa təsir formaları təhlil edilmişdir. İnsanın ən ali hüququ olan yaşamaq hüququnun keyfiyyətli qorunması üçün ekoloji hüquq qaydalarına əməl olunmasının vacibliyi əsaslandırılmış, təbiət-cəmiyyət münasibətlərinin tənzimlənməsi üçün səmərəli təkliflər irəli sürülmüşdür. Eyni zamanda məqalədə ekoloji təhklükəsizliyin milli təhlükəsizlik sistemində yeri və əhəmiyyəti vurğulanmışdır. Araşdırmada heç bir dövlət sərhədi tanımayan ekologiyanın qorunmasında dövlətlərin beynəlxalq əməkdaşlığının vacibliyi əsaslandırılmışdır. Planetimizin ekosisteminin qorunmasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UN FCCC) və onun ali qərarlar qəbul edici orqanı olan Tərəflər Konfransının (COP) əhəmiyyəti qeyd edilmişdir. Məqalədə Azərbaycan Respublikasında həyata keçrilən ekoloji siyasət təhlil olunmuş, ictimai qurumların, QHT və Fondların fəaliyyətinə diqqət çəkilmişdir.
Müəllif :
Daşqın Qənbərov
Nəşr tarixi : 2024
Məqalədə müəlliflər tərəfindən müasir dövrdə ətraf mühitin ekoloji problemlərin tənzimlənməsinin hüquqi aspektləri nəzərdən keçirilir. Qeyd edilir ki, ətraf mühitin və ekologiyanın, eləcə də təbii sərvətlərin qorunması mühüm dövlət və ümumxalq əhəmiyyəti olan bir məsələdir. Bəşəriyyətdə insan həyatı, cəmiyyətin inkişafı təbiət və ətraf mühitlə sıx bağlı olduğuna görə, insanların və gələcək nəsillərin sağlam mühitdə yaşaması ətraf mühitin və təbii sərvətlərin səmərəli mühafizə edilməsi amili ilə şərtlənir. Dünyada baş verən sənaye inqilabları, müharibələr və artan demoqrafik problemlər təbiətdəki tarazlığı pozmaqla dünyanı bərpası, bəlkə də, mümkün olmayan ekoloji fəlakətlərlə qarşı-qarşıya qoyur. Hər bir dövlətin sosial-iqtisadi inkişafı, əhalinin maddi və mənəvi tələbatının ödənilməsi, xalqların güzəranının yaxşılaşdırılması, habelə ekoloji təhlükəsizliyin etibarlı formada təmin edilməsi ətraf mühitin mühafizəsi məsələsini ciddi şəkildə qarşıya qoyur. Müvafiq sahəni tənzimləyən mövcud normalar vasitəsi ilə həyata keçirilən beynəlxalq-hüquqi tənzimetmə iki əsas məsələyə yönəlmişdir: həmin məsələlərdən biri ətraf mühitin çirklənməsinin qarşısının alınmasından, digəri isə təbii resurslardan rasional istifadəni təmin etməkdən ibarətdir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən, başlıca prioritetlərdən biridir. Bu kontekstdə ekoloji-hüquq münasibətlərinin tənzimlənməsi xüsusi aktuallıq kəsb edir.
Müəllif :
Etibar Əliyev, Leyla Mirzəyeva
Nəşr tarixi : 2024
Konstitusion qaydada təsbit olunan sağlam (və ya əlverişli) ətraf mühitdə yaşamaq hüququ hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququnu ehtiva edir. İnsan inkişafının əsasında onun sağlamlığının qorunması dayanır ki, bunu ekoloji cəhətdən təmiz ətraf mühit olmadan təsəvvür etmək mümkün deyil. Məhz ona görə də yalnız fərdlərin deyil, xalqların toplu şəkildə əlverişli ətraf mühit hüququ üçüncü nəsil hüquqlardan biri kimi tanınır. Təsadüfi deyil ki, Davamlı İnkişaf Məqsədlərinin əksəriyyəti bu hüququn qorunmasını ön plana çəkir (6, 7, 13, 14-, 15-ci DİM-lər). Rəqəmsal texnologiyaların inkişaf etdiyi bir dövrdə əlverişli ətraf mühit hüququnun informasiya hüquqi təminatı üçün də yeni tendensiyalar və eləcə də ətraf mühitə dair informasiya almaq hüququna yeni hüquqi yanaşma formalaşmışdır. Həm aktiv, həm də passiv tərəfi ilə xarakterizə olunan bu hüququn təminatı beynəlxalq və milli-hüquqi tənzimləmənin predmetini təşkil edir. Məqalədə əlverişli ətraf mühit hüququ ilə əlaqəli formada təhlillər əsasında müxtəlif məhkəmə işləri tədqiq olunaraq, beynəlxalq yurisdiksiyada müdafiə mexanizmləri ilə bağlı əsas məqamlar araşdırılmış, paralel olaraq milli təcrübədə olan çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər təqdim olunmuşdur
Müəllif :
Gülnaz Rzayeva, Elnur Hümbətov, Nəzrin Əliyeva
Nəşr tarixi : 2024
Məqalədə ətraf mühit dair məlumatın çatımlılıq problemi təhlil edilir. 1992-ci il Rio Konfransından başlayaraq ətraf mühit barədə məlumatların ictimaiyyətə çatımlılığı məsələsi və bu sahədə praktiki addımların atılması dünya birliyi qarşısında qabardılan gündəliyin vacib məqamlarındandır. Ətraf mühit haqqında məlumat əldə etmək ictimaiyyətin üzvlərinə ətraf mühitdə baş verənləri bilmək və anlamaq üçün vacibdir. Bu məqsədlə məzkur hüququn beynəlxalq və milli hüquqi əsasları tədqiq olunur. Yer kürəsinin əksər sakinləri iqlim dəyişikliyinin mövcudluğunu qəbul edərək milli hökumətlərin hərəkətə keçməsini istəyir və inkişaf etmiş iqtisadiyyatlarda vətəndaşların əksəriyyəti həyatlarını dəyişməyə hazırdır. Ətraf mühitlə bağlı məsələlərə dair qərarların qəbulu prosesinin əvvəlində maraqlı ictimaiyyət adekvat, vaxtında və səmərəli şəkildə ya ictimaiyyətə bildirişlə, ya da fərdi qaydada məlumatlandırılır. Danılmazdır ki, iqlim dəyişikliyi ilə mübarizə bir çox imkanlar açacaq: daha təmiz hava, bərpa olunan enerji, ərzaq təhlükəsizliyi, ekoloji təmiz iş yerləri və sağlam həyat şəraiti və s. Məqalədə ətraf mühit barədə məlumatların ictimaiyyətə çatımlılığının təmin edilməsinin normativ əsasları öyrənilir və bu sahədə beynəlxalq hüquqi normalarla milli qanunvericiliyin qarşılıqlı əlaqəsi təhlil edilir. Məlumat çatımlılığının təmin edilməsi istiqamətində atılacaq addımlara xüsusi diqqət yetirilir.
Müəllif :
Turqay Hüseynov
Nəşr tarixi : 2024
Məqalədə ekosid cinayəti milli və beynəlxalq hüquqi aspektdə təhlil edilir. Bu zaman mühüm 2001- ci il tarixli “Beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin beynəlxalq məsuliyyəti haqqında” Maddələr Layihəsi, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş beynəlxalq sənədlər təhlil edilir. Belə nəticəyə gəlinir ki, beynəlxalq ekoloji zərərə görə dövlətlərin məsuliyyət daşıdığı qəbul edilsə də, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi məqsədləri üçün dövlətlərin məsuliyyəti təkcə zərərin qarşısını almaqdan ibarət deyil. Dövlətlərin ətraf mühitə ciddi ziyan vurmamaq öhdəliyi ilə yanaşı, iqlim probleminin mümkün təsirlərinə qarşı tədbir görmək kimi pozitiv öhdəlikləri də var. Dövlətlərin öz hərəkətlərindən və hərəkətsizliklərindən irəli gələn məsuliyyət dairəsinin müəyyən edilməməsi cavabdeh subyeklərin məsuliyyət daşıması baxımından hüquqi boşluq yaradır. Ekosid anlayışı beynəlxalq məsuliyyət baxımından hazırkı dövrdə cinayət kimi qəbul edilməsə də, respublikamızda olduğu kimi bu anlayışı cinayət hesab edən və mövcud daxili qanunlarına tətbiq edən ölkələr mövcuddur. Ekosid konsepsiyanın beynəlxalq cinayət kimi qəbul edilməsi iqlim böhranının həlli üçün vacib şərt hesab oluna bilər.
Müəllif :
Namiq Əliyev
Nəşr tarixi : 2024
Bu məqalədə Azərbaycanın ekoloji maarifləndirmə və ekoloji mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər və qarşıda duran problemlər təhlil olunur. Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri kimi önə çəkilir. Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumlarının təşəbbüsləri ilə həyata keçirilən maarifləndirici tədbirlər və ekoloji qanunvericilikdəki yeniliklər ekoloji balansın qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, meşələrin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatlardan səmərəli istifadə və yaşıllıqların genişləndirilməsi kimi tədbirlər də ölkədə ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına yönəlib. Məqalədə, xüsusilə ekoloji maarifləndirmə və mədəniyyətin artırılmasının ətraf mühitə mənfi təsirlərin qarşısının alınmasında vacib olduğu vurğulanır. Bununla yanaşı, əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində qanunvericilikdə boşluqlar olduğu və bu istiqamətdə daha təkmil tədbirlərin tətbiqinə ehtiyac olduğu qeyd edilir.
Müəllif :
Umayra Tağıyeva
Nəşr tarixi : 2024
Məqalə, qlobal iqlim dəyişikliyinin təsirləri fonunda meşə ehtiyatlarının qorunması və artırılmasının əhəmiyyətini vurğulayır. Son illərdə dünyada meşələrin azalması tendensiyası müşahidə olunur, bu da torpaqların deqradasiyasına, biomüxtəlifliyin azalmasına və iqlim dəyişikliyinə səbəb olur. Məqalədə Azərbaycanın zəngin təbii sərvətləri, meşə fondunun mövcud vəziyyəti və meşələrin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında məlumat verilir. Azərbaycan meşələrinin ümumi əraziyə nisbəti az olsa da, növ müxtəlifliyi baxımından zəngindir. Meşələrin artırılması, yaşıllıqların salınması və mühafizə olunan ərazilərin genişləndirilməsi ekoloji tarazlığın təmin olunmasında əsas rol oynayır. Məqalədə meşələrin dayanıqlı və davamlı inkişafı ilə bağlı dövlət strategiyaları və beynəlxalq təşəbbüslər, o cümlədən Paris İqlim Sazişi və Bonn Çağırışı kimi sənədlər vurğulanır. Şəhərsalma sahəsində yaşıllıq ərazilərinin artırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlər də müzakirə olunur. Məqalə, həmçinin ekoloji hüquqpozmaların qarşısının alınması və bu sahədə hüquqi tədbirlərin gücləndirilməsi məsələlərinə də toxunur.
Müəllif :
Vüqar Kərimov
Nəşr tarixi : 2024