Bu məqalədə şəxsin şərəf və ləyaqəti əleyhinə törədilən təhqirin cinayət əməli kimi formalaşma tarixinə nəzər salınır. Cəmiyyətin və informasiya texnologiyalarının inkişafının, dəyişən mühitin təhqir cinayətinə olan təsiri nəticəsində qanunvericiliyin dəyişməsinin mümkün olan yolları və bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübələrindən uğurlu nümunələrə məqalədə yer verilmişdir.
Müəllif :
Hüseyn Quliyev
Nəşr tarixi : 2025
Bu məqalədə dindirmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı qarşılaşılan əsas hüquqi, texniki və etik problemlər təhlil edilir. Dindirmə prosesində ifadələrin təhrif olunması, məcburetmə halları, məxfilik hüququnun pozulması, qeyri-uyğun dindirmə mühiti və texniki maneələr kimi faktorlar istintaqın obyektivliyinə təsir edən əsas çətinliklər kimi göstərilir. Araşdırmada bu problemlərin qarşısının alınması üçün müstəntiqlərin peşəkar hazırlığı, hüquqi tənzimləmələrin gücləndirilməsi, müasir texnologiyalardan istifadə və nəzarət mexanizmlərinin tətbiqi kimi həll yolları irəli sürülür. Məqalə istintaq prosesinin effektivliyini artırmaq və hüquqmühafizə orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək məqsədilə nəzəri və praktiki yanaşmaları özündə birləşdirir.
Müəllif :
Elgün Rəhimli
Nəşr tarixi : 2025
Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər yalnız sosial, iqtisadi və hüquqi problemlərə yol açmır, həm də təşkilatlanmış cinayətkar qrupların və beynəlxalq narkotik ticarəti şəbəkələrin fəaliyyətinə zəmin yaradır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi müxtəlif metodlarla gizlədilən, saxtalaşdırılan və beynəlxalq ölçüdə həyata keçirilən bir cinayət fəaliyyətidir. Bu cür cinayətlərin araşdırılması xüsusi istintaq metodları və müasir texnologiyalardan istifadəni tələb edir. Cinayətkar qrupların fəaliyyətləri adətən çox mürəkkəb və təşkilatlanmış olur, bu da cinayətlərin aşkar edilməsini və sübutların toplanmasını çətinləşdirir. Araşdırmalar zamanı məxfi əməliyyatlar, elektron nəzarət, informatorlardan istifadə və digər inkişaf etmiş üsullar tətbiq edilir. Eyni zamanda, bu sahədə beynəlxalq əməkdaşlıq vacibdir, çünki narkotik ticarəti adətən çoxsaylı ölkələr arasında həyata keçirilir. Araşdırmaların qarşısında duran əsas çətinliklərdən biri cinayətkar şəbəkələrin çox mürəkkəb struktura sahib olması və bu şəbəkələrin inkişaf etmiş logistika və maliyyə qaynaqları ilə dəstəklənməsidir. Bundan əlavə, maddi sübutların toplanması və onların müvafiq hüquqi çərçivədə təqdim edilməsi də mühüm rol oynayır. Narkotik vasitələr və psixotrop maddələrlə bağlı cinayətlərin effektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarının mütəmadi olaraq yeni metodlara və beynəlxalq səviyyədə güclü əməkdaşlığa ehtiyacı vardır. Nəticə olaraq, narkotiklərlə mübarizə çətin, amma vacib bir prosesdir. Bu cinayətlərin araşdırılması üçün yeni yanaşmaların tətbiqi texnoloji imkanların artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin effektivliyini artıracaqdır.
Müəllif :
Rasim İsaqov
Nəşr tarixi : 2025
Təqdim olunan məqalə hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən dindirmə metodunun təkmilləşdirilməsinə yönəldilmişdir. Bu metodun əsasını müstəntiqin dindirilən şəxslərlə qarşılıqlı əlaqəsinin psixoloji prinsipləri və koqnitiv mexanizmlərə dair biliklərdən istifadə təcrübəsi təşkil edir. Eyni zamanda, bu yanaşmanın imkanları və məhdudiyyətləri də nəzərdən keçirilir. Məqalənin strukturu onun məqsədini və məntiqi izahını əks etdirir. Nəzəri hissədə koqnitiv müsahibə texnologiyasının əsasları təsvir edilir, koqnitiv müsahibə metodunun tətbiq imkanları və növləri, eləcə də müsahibə aparılan şəxslərin ifadə verməsini stimullaşdıran psixoloji üsullar açıqlanır.
Müəllif :
Ələkbər Allahverdiyev
Nəşr tarixi : 2025
Azərbaycan Respublikasında qadınlarla bağlı cinayətkarlıq, həmin şəxslərə cəzaların təyin edilməsi, onların cəzalarının icrası xüsusiyyətləri nəzərdən keçirilir, cinayət və cəza-icra hüquq sahələrində qadınlara, xüsusilə hamilə və üç yaşınadək uşaqları olan məhkum qadınlara yeni imtiyaz və güzəştlərin tətbiqi ilə əlaqədar müvafiq qanunvericilik aktlarına dəyisikliklər edilməsi üçün təkliflər verilir.
Müəllif :
Hümbətov M.H.
Nəşr tarixi : 2025
Müasir Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 1999-cu ildə qəbul olunmuşdur. Məcəllənin Cəza haqqında üçüncü bölməsində, 51-ci maddəsində müsadirə əlavə cəza növü kimi müəyyən edilirdi. Həmin maddəyə əsasən, əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarət idi. Müsadirə yalnız məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində qeyd edilən hallarda təyin olunurdu. Bəzi səbəblərə görə müsadirə oluna bilməyən əmlakın əvəzinə təqsirli şəxsin digər əmlakı (hətta qanuni yolla əldə olunmuş) müsadirə oluna bilərdi.
Müəllif :
Fərizə Mirzəyeva
Nəşr tarixi : 2024
Müasir hüquqi reallıqlarda süni intellekt texnologiyalarının tətbiqi fərdi məlumatların dərin emalı və bu məlumatlar əsasında şəxslərin profilləşdirilməsi kimi prosesləri təşviq edir ki, bu da insan hüquqlarının, xüsusilə də şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyə məruz qalmama hüququnun pozulması riskini artırır. Belə texnoloji yanaşmalar fərdlərin kateqoriyalara bölünməsi və bərabərlik prinsipinə zidd diskriminativ nəticələrin ortaya çıxması ehtimalını gücləndirir. Bu səbəbdən, şəxsi məlumatların hüquqi müdafiəsi və insan hüquqlarının effektiv qorunması hüquqi dövlət konsepsiyasının ayrılmaz elementi kimi dəyərləndirilməlidir. Bundan əlavə, süni intellekt sistemlərinin əldə edilən verilənlər əsasında nəticə çıxarması və qərar qəbuletmə prosesində iştirak etməsi, insanların hüquq və azadlıqlarına birbaşa təsir edə bilər. Belə hallarda hüquq sistemi süni intellektin fəaliyyətini tənzimləyən norma və prinsiplər yaratmalı, əldə edilən nəticələrin qanuniliyi və ədalətliliyi üzərində nəzarəti təmin etməlidir. Xüsusilə, süni intellekt tərəfindən qəbul edilən qərarların şəffaflığı, hesabatlılığı və insan hüquqlarına uyğunluğu əsas hüquqi tələblərdən biri kimi qəbul edilməlidir. Nəhayət, informasiya əsrində şəxsi məlumatların sürətlə əldə edilməsi və təhlil edilməsi süni intellektin verdiyi üstünlüklərlə yanaşı, müəyyən hüquqi və etik riskləri də özündə ehtiva edir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların qorunması, məxfiliyin təmin edilməsi və hüquqi tənzimləmələrin gücləndirilməsi ilə yanaşı, texnologiyanın qanuniliyi, etik aspektləri və əxlaqi çərçivələri ilə bağlı hüquqi müzakirələrin aparılmasını da zəruri edir. Bu səbəbdən süni intellektin tətbiqi və onun fərdi hüquqlara təsiri məsələsi milli və beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməli və balanslaşdırılmış yanaşma təmin edilməlidir.
Müəllif :
Vədiyə Ələkbərzadə
Nəşr tarixi : 2025
Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyi onun qəbul etdiyi hüquqi aktlarda ifadə olunur. Digər məhkəmə orqanlarının aktlarından fərqli olaraq, Konstitusiya Məhkəməsinin qərarları normativ səciyyə daşıya bilər. Bununla əlaqədar, həmin məhkəmə tərəfindən qəbul olunan normativ xarakterli aktların xüsusiyyətləri göstərilir. Qeyd olunur ki, ölkəmizdə Konstitusiya Məhkəməsinin normativ xarakterli aktları ictimai münasibətlərin inkişafında mühüm rol oynayır. Milli konstitusiya mühakiməsi orqanının öz fəaliyyəti daxilində qəbul etdiyi normativ xarakterli aktlar rəsmən “hüququn ikinci dərəcəli mənbələri” hesab olunmurlar. Məqalədə müəllif tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktın konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında işə baxılmasının nəticəsi həmin normativ hüquqi aktın ölkə Konstitusiyasına uyğun və ya zidd olmasının tanınmasından ibarətdir. Bu zaman müvafiq akt Konstitusiyaya zidd hesab edildiyi halda müəyyən hüquqi nəticələr yaranır: konstitusiyaya zidd hesab edilən aktlar və ya onların ayrı-ayrı müddəaları qüvvədən düşür; Azərbaycan Respublikasının qüvvəyə minməmiş və Konstitusiyaya zidd olduğu tanınmış beynəlxalq müqavilələri qüvvəyə minməməli və tətbiq edilməməlidir. Məhkəmələrin və digər orqanların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə konstitusiyaya zidd hesab edilən müvafiq aktlara və ya onların ayrı-ayrı müddəalarına əsaslanan qərarları icraya yönəldilməməli və qanunla müəyyən edilmiş hallarda onlara yenidən baxılmalıdır. Məqalədə habelə qeyd olunur ki, konstitusiya ədalət mühakiməsi orqanının müvafiq qərarlarında əks olunan hüquqi mövqelər vahid hüquq tətbiqetmə praktikasının yaradılmasına, hüquqi tənzimləmədə boşluqların və ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.
Müəllif :
Sümbül Turabova
Nəşr tarixi : 2025
Məqalədə Avropa İttifaqı çərçivəsində mədəni irs obyektlərinin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq əməkdaşlıqdan bəhs olunur. Burada qanunsuz dövriyyəyə qarşı mübarizədə Avropa İttifaqı çərçivəsində regional əməkdaşlığın xüsusiyyətləri təhlil edilir. Bu istiqamətdə Avropa İttifaqı daha səmərəli və təkmil regional əməkdaşlıq mexanizmi olaraq müəyyən edilir. Qeyd olunur ki, regional əməkdaşlıq üçün ümumi olan universal səviyyədə mövcud beynəlxalq hüquq normalarının regional səviyyədə realizəsini təmin etmək xüsusiyyəti, Avropa İttifaqı çərçivəsində özünəməxsus formada büruzə verir. Müvafiq regional normativ hüquqi bazanın olması, regional əməkdaşlığın həyata keçirilməsini hüquqi baxımdan təmin edir. Bu məqsədlə, Avropa İttifaqı çərçivəsində qəbul edilən normativ aktlar analiz edilir. Həmin aktların qanunsuz dövriyyə ilə mübarizədə hüquqi əsas kimi əhəmiyyəti və təkmilləşdirilməsi xüsusiyyətləri araşdırılır. Qeyd edilir ki, Avropa İttifaqı çərçivəsində müvafiq sferada hüquqi tənzimetmə kommunitar (daxili qanunvericilik) formasında həyata keçirilir. Bu formanın xüsusiyyətlərinin müəyyən edilməsi istiqamətində 1992-ci ildə qəbul edilən 3911/92 saylı Reqlamentin və 2008-ci ildə qəbul edilən 116/2009 saylı Reqlamentlərin və 1993-cü ildə qəbul edilən 93/7/EEC saylı və 2014-cü ildə qəbul edilən 2014/60/EC saylı Direktivlərin müqayisəsi aparılır. Regional əməkdaşlığın forma və istiqamətləri araşdırılır. Xüsusilə qanunsuz dövriyyə ilə mübarizədə operativ əməkdaşlığın xüsusiyyətləri müəyyən edilir. Qeyd edilir ki, burada əsas fərqləndirici xüsusiyyət, mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi ilə operativ mübarizənin təkmil institusional mexanizmlər çərçivəsində aparılmasıdır. Burada operativ əməkdaşlıq Avropa İttifaqının üçüncü dayağını təşkil edir. Bu əməkdaşlığın həyata keçirilməsi istiqamətində Avropolun fəaliyyəti təhlil edilir. Onun fəaliyyətinin hüquqi əsasları təhlil edilir, forma və istiqamətləri müəyyən edilir. Avropolun yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi məsələləri araşdırılır. 2016-cı il tarixli Reqlamentin (2016/794) əhəmiyyəti müəyyən edilir. Qeyd edilir ki, bu Reqalamentlə mədəni irs obyektlərinin qanunsuz dövriyyəsi İttifaqın ümumi maraqlarına zərər vuran hüquqpozuntusu kimi Avropolun birbaşa fəaliyyət sferasına daxil edilir. Avropolun üzv olmayan dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığının xüsusiyyətləri təhlil edilir. Onun digər əməkdaşlıq mexanizmləri ilə qarşılıqlı əlaqəsi araşdırılır. Qeyd edilir ki, Avropa İttifaqı Şurasını məlumatlandırmaq şərti ilə Avropol üzv olmayan dövlətlərin polis orqanları ilə əməkdaşlıq edə bilər. Bunun üçün həmin dövlətlərlə əməkdaşlıq haqqında sazişin bağlanması zəruridir. Avropol və Azərbaycan Respublikası arasında belə bir saziş bağlanmamışdır. Amma Avropa İttifaqı ilə bağlanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş operativ əməkdaşlıq üçün əsas ola bilər.
Müəllif :
Sima Süleymanlı
Nəşr tarixi : 2025