Vergi münasibətlərinin beynəlxalq-hüquqi inkişaf tarixinə dair əsərlərin əksəriyyətində qeyd edildiyi kimi, vergi məsələləri üzrə ilk sazişlər XIX əsrin ortalarından imzalanmağa başlamışdır[13, 9-10]. 1843-cü ildə Belçika, Fransa ilə vergi sazişi imzaladı, 1845-ci ildə isə Niderland və Lüksemburqla müvafiq sazişlər imzalandı. Həmin sazişlər, vətəndaşların vərəsəlik qaydasında alınan əmlakına münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması üzrə yalnız ümumi qaydalar nəzərdə tutaraq, vergi xidmətlərinin inzibati-hüquqi qarşılıqlı təsiri və vergi məlumatlarının mübadiləsi kimi məsələləri tənzimləyirdi.
Müəllif :
Bəxtiyar Aslanbəyli - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun dissertantı
Nəşr tarixi : 2022
Onilliklər ərzində Aİ məlumatların qorunması qanununun yüksək standartlarına malikdir. Qanun fərdlərə xüsusi məlumatların qorunması hüquqlarından istifadə etmək hüququ verir və onların məlumatlarını emal edən təşkilatları (dövlət və ya özəl sektor) bu hüquqlara hörmətlə yanaşmağı öhdəsinə götürür. 2018-ci ilin may ayında Aİ-də tam tətbiq oluna bilən Ümumi Məlumatların Mühafizəsi haqqında Qaydalar GDPR, rəqəmsal dövrün fəsadlarını aradan qaldırmaq üçün yenilənmiş, dünyada məlumatların mühafizəsi üzrə qanunvericiliyin ən əhatəli və mütərəqqi hissəsidir. Qlobal miqyasda məlumatların qorunması (bəzən Aİ-yə daxil olmayan ölkələrdə məlumatların məxfiliyi kimi adlandırılır) qanunlarında artım müşahidə olunur. Bu qanunların bir çoxu uzun müddət məlumatların mühafizəsi qanununda qızıl standart hesab edilən Aİ qaydalarından güclü şəkildə təsirlənir. Hazırda dünyanın 100-dən çox ölkəsində məlumatların mühafizəsi ilə bağlı qanunlar mövcuddur: bu ölkələrin yarısından çoxu Avropadadır. Aİ-də məxfilik və məlumatların qorunması mütləq hüquqlar deyil və Aİ-nin Əsas Hüquqlar Xartiyasına uyğun olaraq müəyyən şərtlərlə məhdudlaşdırıla bilər. Məxfilik və məlumatların qorunması hüquqlarının digər Aİ dəyərlərinə, insan hüquqlarına və ya ifadə azadlığı, mətbuat azadlığı və ya məlumat əldə etmək azadlığı kimi əsas hüquqlar kimi ictimai və şəxsi maraqlara qarşı tarazlaşdırılması tələb oluna bilər.
Müəllif :
Aysel Hacıyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dissertantı
Nəşr tarixi : 2022
Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
Müəllif :
Xanımana Qafarova - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Beynəlxalq xüsusi hüquq və Avropa hüququ
Nəşr tarixi : 2022
Respublikamızın qüvvədə olan ailə qanunvericiliyində nikah, əsasən, klassik nikah anlayışı müddəalarına söykənsə də, müqavilənin də bağlanmasına icazə verilir. Lakin bir çox qərb dövlətlərindən fərqli olaraq, milli qanunvericiliyimizdə bu müqavilənin məzmunu yalnız əmlak münasibətləri ilə bağlı ola bilər və şəxsi münasibətlərin müqavilədə nəzərdə tutulmasına yol verilmir Azərbaycan Respublikası AM-nin 38.1-ci maddəsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Müəllif :
M.D.Dəmirçiyeva - BDU, Mülki hüquq kafedrasının müdiri
Nəşr tarixi : 2022
Sosial xidmət institutu öz spesifikliyi və əhəmiyyəti baxımından sosial təminat hüququ sistemində məxsusi yer tutur. Nəzəriyyədə sosial xidmət həm geniş, həm də dar mənada başa düşülür. Dar mənada sosial xidmət dedikdə, vətəndaşların qanunda göstərilmiş müəyyən kateqoriyalarına sosial-məişət xidmətlərinin göstərilməsi – təsərrüfatın inkişafı üçün yardım, pulsuz qidanın verilməsi, sosial müdafiə müəssisələrində yerləşdirilməsi və s. başa düşülür. Geniş mənada sosial xidmət dedikdə isə, sosial təminatın pul ödəmələrindən başqa qalan bütün növlərini özündə əks etdirən sosial təminat hüquqlarının realizəsi başa düşülür.
Müəllif :
Ata Vəliyev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Dünyada sürətlə gedən müasir qloballaşma prosesləri müxtəlif ölkələrin, xalqların və onların mədəniyyətlərinin genişlənməsinə səbəb olur. Qloballaşmanın ən vacib amillərindən biri miqrasiya axınının artmasıdır və bu gün Azərbaycan yeni yaranmış müstəqil dövlət kimi bu prosesdə fəal iştirak edir. Dünyada baş verən siyasi hadisələrlə əlaqədar olaraq miqrasiya axının az inkişaf etmiş ölkədən daha inkişaf etmiş ölkələrə yönəldilmişdir. Nəticədə, miqrasiya faktoru inkişaf etmiş ölkələrə daha güclü təsir göstərir.
Müəllif :
Afaq Sadıqova - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Mülki hüquq, mülki proses, sosial-iqtisadi hüquq” şöbəsinin böyük elmi işçisi
Nəşr tarixi : 2022
İqtisadi münasibətlərin dəyişilməsi, yeni mülkiyyət formalarının yaranması, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar arasında yeni hesablaşma qaydalarının tətbiqi və s. amillər ölkəmizdə və dünyada dələduzluq cinayətlərinin sayında artımların müşahidə olunmasına səbəb olmuşdur. Özgənin əmlakını başqa formada talama cinayətləri kimi, dələduzluq cinayətlərində də son məqsəd başqasının əmlakını qanunsuz yolla ələ keçirmək olsa da, bu cinayətlər özünün törədilmə üsullarına görə həmin cinayətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Məlum olduğu kimi, bu fərq, əsasən, dələduzluq cinayət tərkibinin obyektiv cəhətində, yəni törədilmə üsulunda özünü göstərir. Belə ki, digər talama cinayətlərindən fərqli olaraq, dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi, yaxud mülkiyyətçisi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Bu baxımdan, elə Azərbaycan Respublikasının qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin 178.1- ci maddəsində dələduzluğa “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” kimi anlayış verilir. Bu nöqteyi-nəzərdən, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun [4, s.679]. Bundan əlavə, deyə bilərik ki, dələduzluq əməlini törədən zaman, təqsirləndirilən şəxsin qəsdi təkcə özgənin bilavasitə əmlakına deyil, bəzi hallarda, bu əmlaka olan hüquqlara qarşı da yönəlir.
Müəllif :
Orxan Aslanov - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı
Nəşr tarixi : 2022
Hüquq ədəbiyyatlarında qeyd olunduğu kimi, habelə ali məhkəmə orqanlarının formalaşdırdığı president xarakterli və preyudisial əhəmiyyətli hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər .
Müəllif :
Elnur Nəcəfov - AMEA-nın dissertantı, AR Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü
Nəşr tarixi : 2022