10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Konstitusiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib
Dekabrın 10-da “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” (HEQT Mərkəzi) publik hüquqi şəxs “Hüquq və İnsan Haqları İnstitutu” (İnstitut) publik hüquqi şəxs ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Konstitusiya və insan hüquqları” mövzusunda dəyirmi masa təşkil edib.
HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov bildirib ki, bu görüş həm elmi-hüquqi müzakirələrin aparılması, həm də yeni nəşrlərin ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəz və İnstitut tərəfindən hazırlanmış və tədbirdə təqdim olunan dörd yeni nəşr geniş oxucu auditoriyasının ixtiyarına verilib. Nəşrlərin hüquqi maarifləndirmənin gücləndirilməsi, ölkədə normayaratma prosesinin daha da təkmilləşdirilməsi, eləcə də hüquq elminin inkişaf etdirilməsi istiqamətində mühüm vəsait olduğu da diqqətə çatdırılıb.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərdən bəhs edib və bildirib ki, cari ildə həyata keçirilən layihələr və hazırlanmış nəşrlər qanunlarımızın daha yaxşı başa düşülməsi, hüquqi düşüncənin inkişafı və insan hüquqlarının müdafiəsi baxımından olduqca önəmlidir. Eyni zamanda, M.Quluzadə qeyd edib ki, bu kitablar həm akademik mühit, həm də praktik hüquq fəaliyyəti ilə məşğul olanlar üçün dəyərli resursdur. Çıxışda hüquqi maarifləndirmə və təşəbbüslərin hüquqi mədəniyyətin inkişafında vacibliyi və rolu vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi Sahil Cəfərov HEQT Mərkəzinin hazırladığı “Normayaratma” vəsaiti barədə çıxış edərək bildirib ki, vəsait normativ hüquqi aktların hazırlanması prosesində vahid metodoloji yanaşma təqdim edən, hüquqi texnika və struktur standartlarını sistemləşdirən vacib və praktik əhəmiyyətli mənbədir.
HEQT Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun elmi-praktiki şərhi ilə bağlı geniş təqdimat edib. Qeyd olunub ki, bu nəşr publik hüquqi şəxslərin hüquqi statusu və fəaliyyət prinsiplərinin daha dərindən anlaşılmasına imkan yaradan, həm nəzəri, həm də qanunvericiliyin praktik tətbiqi baxımından dəyərli araşdırma vəsaitidir.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı haqqında danışarkən qeyd edib ki, əsər müasir dövlətçilik baxımından suverenliyin hüquqi və siyasi əsaslarını sistemli şəkildə təhlil edir və dövlətçilik ideyalarının inkişafına mühüm töhfə verir. Kitabın bir sıra dövlət qurumlarında və ali təhsil müəssisələrində təqdim olunduğu və oxucular arasında suverenlik mövzusuna böyük maraq yaratdığı bildirilib.
İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova “Hüquq terminləri lüğəti” barədə məlumat verərək bildirib ki, nəşrdə həm milli qanunvericilikdə işlənən terminlər, həm də qədim hüquqi anlayışlar və beynəlxalq terminlər daxil olmaqla, ümumilikdə hüququn müxtəlif sahələrinə aid 3600-dən artıq terminin izahı təqdim olunub. O, əlavə edib ki, bu lüğət hüquq sahəsində çalışanlar üçün dəyərli istinad mənbəyi olmaqla yanaşı, hüquq elminin inkişafına da mühüm töhfədir.
Təqdimatın müzakirələr hissəsində müxtəlif dövlət qurumlarının, Vəkillər Kollegiyasının və təhsil ocaqlarının nümayəndələri təqdim olunan nəşrlərin hüquq camiyəsi üçün vacibliyindən və əhəmiyyətindən danışıblar. Tədbirdə ümumilikdə 33 nəfər iştirak edib.
Dərc olunub : 11-12-2025
Oxunma sayı : 108