5 günlük Təlimçilər üçün Təlim (ToT) yekunlaşıb
Hüquq və İnsan Haqları İnstitutu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UN OHCHR) ilə birlikdə 24-29 iyun tarixlərində Təlimçilər üçün Təlim (ToT) layihəsi çərçivəsində 20 nəfər hüquqşünasa İnsan hüquqları mövzusunda 5 günlük təlimlər keçirib.
Təlimdə açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bu layihənin iştirakçıların peşəkar fəaliyyətinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirərək, təlim iştirakçılarına uğurlar arzulayıb.
Bu təlimi digər ToT layihələrindən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, İnstitut təlimin hazırlıq mərhələsində iştirakçılar arasında sorğu keçirərək, onların insan hüquqları sahəsində maraq çərçivələrini öyrənib. Sorğunun nəticələri əsasında pensiya hüququ, əmək mübahisələrinin həlli, mülkiyyət hüquqlarının qorunması kimi aktual mövzular gündəliyə salınıb və iştirakçılar üçün təlimin daha əhatəli və dolğun keçməsi təmin edilib.
Təlimlərdə İnstitutun İdarə Heyəti sədrinin müavinləri Vəfaddin İbayev və Natəvan Rüstəmova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərindən Akif Əlizadə, Arzu Alıyeva və Babək Həmidov, eləcə də İnstitutun əməkdaşları Vüsalə Muradxanlı, Gülnaz Ələsgərova, Hamlet Babayev, Ülvi Abbasov, Heydər Həsən oğlu Əliyev, Araz Abdullasoy, Zöhrə Kəngərli, Aygün Arifli və Fərasət Qurbanov mövzular üzrə təqdimatlar ediblər.
Təlim çərçivəsində iştirakçılar təlimlərin təşkili, qaydaları və aparılma metodologiyaları ilə tanış olublar. Eyni zamanda, onlar insan hüquqları sahəsində milli qanunvericilik də daxil olmaqla, əsas beynəlxalq sənədlərlə tanış olub, insan hüquqlarının müdafiə mexanizmləri, Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) maddələri, AİHK-nın 1 saylı Əlavə Protokolunun 1-ci maddəsi, konstitusiya və insan haqları, insan hüquqlarının təminatında polisin öhdəlikləri, həmçinin qadın və uşaq hüquqları, əqli mülkiyyət hüququ barədə geniş məlumatlar əldə ediblər. Bunlarla yanaşı, iştirakçılara İşgəncələrə qarşı Avropa Komitəsinin və BMT-nin Məhbuslarla minimal davranış qaydaları izah olunub.
Geniş müzakirələr və fikir mübadiləsi şəraitində keçən təlimlərdə iştirakçılar tütorların komanda rəhbərliyi ilə 4 qrupda olmaqla praktik tapşırıqları icra edib və öz təqdimatlarını təqdim ediblər.
Yekunda UN OHCHR-in layihələr üzrə koordinatoru Rəşad Əliyevin iştirakı ilə hüquqşünaslar sertifikatla təltif olunub və onlar gələcək əməkdaşlıq imkanları üçün İnstitutun təlimçilər bazasına daxil ediliblər.
Dərc olunub : 02-07-2024
Oxunma sayı : 175