Elmin populyarlaşdırılması mövzüsunda müşavirə keçirildi

30 noyabr 2017-ci il tarixində AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə birgə müşavirə keçirmişdir.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Leyla Məmmədova da həmin müşavirədə iştirak etmişdir.

Tədbirin əsas məqsədi elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.

Tədbirdə RH İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, rəis müavini Ülviyyə Rzayeva çıxış edərək, əldə olunan nailiyyətlərin təbliğində məqalələrin elmi-populyar üslubda hazırlanmasının vacibliyini, eyni zamanda elmin populyarlaşması sahəsində peşəkar kadr hazırlığı məsələlərinə də toxundular. Ü.Rzayeva bu gün həm də yeni nəsil elmi jurnalistlərin yetişməkdə olduğunu vurğulayaraq problemin həllində bu amilin də nəzərə alınmasının vacibliyini bildirib.

İdarə rəisi AMEA-nın “Elm” qəzeti, www.elm.gov.az veb-portalı və Elm TV İnternet-televiziyasının fəaliyyətinə də toxunub. Elmi biliklərin, alimlərin elmi tədqiqatlarının geniş təbliğində bu mətbu orqan və e-medianın vacib rol oynadığını bildirərək, elmi müəssisə və təşkilatları digər kütləvi informasiya vasitələri ilə də daha sıx əlaqələrin qurulması və Azərbaycan elminin yüksək səviyyədə təbliği üçün bütün qüvvələrini səfərbər etməyə çağırıb.

Sonra elmin KİV-də təbliği, akademiya institutlarının veb-saytlarının informasiya təminatı və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. AMEA-nın elm.gov.az portalında hər bir institut və təşkilatın veb-səhifəsinin informasiya təminatı üzrə müvafiq tapşırıqlar verilib. Hər ilin birinci rübündə ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri tərəfindən illik hesabatların verilməsi qərara alınıb.


Dərc olunub : 30-11-2017

Oxunma sayı : 14