YUNESKO-nun Bioetika üzrə Baza Tədris Proqramının mahiyyəti və vacibliyi haqqında

Vüqar MƏMMƏDOV,

tibb elmləri doktoru

İsmət ƏHMƏDOV,

biologiya elmləri namizədi

 

Respublikamızda iqtisadiyyatın güclənməsi, qabaqcıl texnologiyaların gətirilməsi və yaradılması, müasir və daha dəqiq tibbi avadanlıqların tətbiqi, elmi araşdırmaların genişlənməsi, ölkəmizin dünyaya inteqrasiyası yeni insani münasibətlərin formalaşmasını zəruri edir. Bu insani münasibətlərin əsasında huquqi, sosioloji və etik prinsiplər durur. İndi bütün ölkələrdə sosioloji məsələlərin həllində bioetikanın mühüm rol oynadığı xüsusilə vurğulanır. Bioetikanın vacibliyi həm rəsmi dövlət idarəetməsində və həm də qanunvericilikdə, təhsildə daha qabarıq hiss olunur. Bioetika insan fəaliyyətinin bütün sahələrini əhatə etdiyindən onun prinsiplərinin tətbiqinə hər yerdə, qanunvericilikdə, tibbi praktikada, istehsalda, təhsildə, yeni texnologiyaların cəmiyyətin həyatına müdaxiləsində böyük ehtiyac yaranmışdır. Bioetika cəmiyyətin intellektual səviyyəsinin və mədəniyyətinin artmasında, demokratikləşmənin genişlənməsində, insani keyfiyyətlərin yüksəlməsində, insanların bir-birinə və ətraf aləmə münasibətində təbiiliyin möhkəmlənməsinə xidmət edən, hüquqi, etik, psixoloji bir elm sahəsidir.

Ölkəmizdə tibbi praktikanın və bu sahədə təhsilin sürətlə inkişafı, özəl sektorun nailiyyətləri günbəgün artmaqdadır. İndi cəmiyyətimizin dayanıqlı inkişafı üçün yeni huquqi və texniki standartlar tələb olunur. Son zamanlar insanların intellektual səviyyəsi yüksəlmişdir, informasiya texnologiyalarından isdifadə onların hazırlıqlı olmasını və öz hüquqlarına daha ciddi yanaşmalarını artırmışdır. Tibbi praktikanın real inkişafı səhiyyə sahəsində (həkim - pasiyent münasibətlərində, tibbi sığortada, müalicənin qiymətləndirilməsində, dərmanların yazılmasında, mütəxəssislərin hazırlıq səviyyəsində və s.) olan neqativ halları daha qabarıq şəkildə büruzə verir, mədəni, sosial - iqtisadi şərait sürətlə dəyişir. Tibbi xidmətin səviyyəsinin yüksək, dünya hüquqi - etik standartlarına uyğunluğu tələb olunur. Müasir səhiyyə işçilərindən, hər bir konkret qərar qəbuletmə hallarında bioetikanın prinsiplərinə istinad etməsi tələb olunur.

Bioetikanın problemləri həm insanlara və həm də ümumiyyətlə cəmiyyətə aid olan problemlərdir [1, s.143]. Gələcəyin vətəndaşları olaraq tələbələr öz həyati istiqamətlərini seçməklə yanaşı, həm də cəmiyyətin inkişaf istiqamətini müəyyən edən hərəkətverici qüvvədirlər. Bioetika sahəsində biliklərə malik olan gənc nəsil daha dərin əsaslandırılmış sosioloji və siyasi həllər qəbul etməyə qadir olan vətəndaşlar olurlar [2, s.128; 3, s.298]. Mahiyyət etibarı ilə bioetikanın tədrisinin əsas məqsədi tələbələrdə kritik anlarda düzgün qərar qəbul etmək, yaxşını pisdən ayırd edə bilmək, həyati məsələlərin insani həllini tapmaq bacarığını formalaşdırmaqdır [1, s.60] . Bioetika elmi fəaliyyətin, tibbi praktikanın prinsip və istiqamətlərini müəyyən edən, onların cəmiyyətdə hansı sosioloji nəticələr verəcəyini əsaslandıran bir elm sahəsinə çevrilmişdir. Bioetika keçən əsrin ikinci yarısından sonra formalaşaraq bir elm sahəsi kimi cəmiyyətin idarə edilməsində, sosioloji məsələlərin həllində, modern texnologiyaların cəmiyyət tərəfindən qəbul və ya inkar olunmasında, tibbi praktikada yeni münasibətlərin bərqərar olmasında mühüm nailiyyətlər qazanmışdır. Bioetikanın məsələləri şəxsiyyətə, cəmiyyətə aid olduğundan və öz mahiyyətinə görə emosional məsələlər olduğundan çox mürəkkəbdir. Bu məsələlrə hətta spesifik bioloji məlumatlar da daxil olduğundan onların həllində yüksək dərəcədə insani keyfiyyətlər tələb olunur. Odur ki, bioetikanın tətbiqi hər bir ölkənin insanlarının milli mentalitetini, inkişaf səviyyəsini, mədəniyyətini, intellektual potensialını və təbii resurslarını nəzərə almaqla həyata keçirilməlidir.

Bioetika ilə məşğul olan alimlərin və mütəxəssislərin gəldiyi qənaətə görə vətəndaş etikası yalnız konsensusa əsaslanmalıdır. Bioetika təlimi ilk növbədə konsensus yaradan bir elmi təlimdir. Vətəndaş etikasının bir sıra elementləri məhz bioetikanın problemləridir. Məsələn, insanın yaşamaq hüququ kimi fundamental hüququna qayğı vətəndaş etikasının məsələsi ilə yanaşı, həm də bioetikanın problemidir. Onun əsas məqsədi yüksək dərəcədə əxlaqi birgə yaşayış formaları müəyyən etmək, insanlarda biri - digərinə və təbiətə qarşı məsuliyyət hissini möhkəmləndirmək, konfliktləri sülh yolu ilə həll etmək və vətəndaşlıq borcunu yerinə yetirmək üçün fəal həyat mövqeyində olmaq prinsiplərini aşılamaqdır.

R.Darryl və J.Meyser  geniş mənada bioetikanı  həyat sevgisi adlandırırlar. Onların fikrincə bioetikaya  yanaşmanın üç üsulu mövcuddur: 1) təsviri bioetika -  insanlar öz həyatlarında canlı aləmlə əxlaqlı və məsuliyyətli  davranış qaydalarında yaşamalıdırlar. Hər bir adamın öz bioetikası olur və ömrüboyu inkişaf edərək təkmilləşir; 2) ötürülən bioetika hansı ki, başqalarına nəyin yaxşı və nəyin pis olduğu söylənir və ya qərar qəbul edərkən nəyin ən vacib olduğu başa salınır [5, s.60]. Bunu etmək üçün kimin hüququ olduğu və ya kimin məsuliyyət daşıdığı mühüm məsələdir. Biz öz etikamıza hər zaman yenidən baxıb onu inkişaf etdirməliyik, cəmiyyətin necə olması haqqında düşünməli və təkliflər verməliyik; 3) interaktiv bioetika - insanlar, cəmiyyət içərisində qruplar və icmalar  arasında dialoq və müzakirə etikasıdır. Qlobal cəmiyyətdə interaktiv bioetika daima zənginləşməlidir, buna yalnız o vaxt nail olmaq olar ki, başqalarına qarşı təmkinli və dözümlü olaq.

Bioetikanın tədrisi cəmiyyətin bütün təbəqələrində həyata keçirilməlidir. Vətəndaş formalaşması orta məktəblərdən başladığından bioetikanın tədrisi bu mərhələdə daha effektli olur. İndi respublikamızda hər il orta məktəbləri 100 -120 min şagird qurtarır. Onların yalnız 20-25% ali məktəblərdə təhsilini davam etdirmək imkanına malikdir. Odur ki, ali məktəblərdən öncə orta məktəblərdə bioetikanın tədrisi həyati vacib məsələlərdən biridir. Orta məktəblərdə bioetikanın ilkin anlayışları, mahiyyəti və onun cəmiyyətdə rolu aydınlaşdırılsa da ali məktəblərdə daha çox praktiki məsələlərin həllinə aid olan hüquqi, fəlsəfi, tibbi, bioloji problemlərin müzakirəsi işıqlandırılmalıdır.

Bioetikanı ixtisasından asılı olmayaraq universitetlərin bütün fakültələrində bu və ya digər formada tədris etmək lazımdır. Bunun iki səbəbi var. Birincisi, bakalavr dərəcəsini qurtarmış tələbələrdə ətraf aləmə münasibətdə, sosioloji məsələlərin həllində məsuliyyət hissinin formalaşmasında, həyati hadisələrin bir-biri ilə əlaqələndirilməsində və nəhayət, insani münasibətlərin formalaşmasında sanki bir vakuum olur. İkincisi, onlar yiyələndikləri elmi biliklərlə gündəlik həyati hadisələrin arasında olan əlaqələri düzgün qiymətləndirə bilmirlər. Xüsusilə fundamental elm sahələrinin biologiyanın, kimyanın, fizikanın və eləcə də texniki elmlərin problemlərini sosioloji broblemlərlə əlaqələndirə bilmirlər.

Elmi-texniki tərəqqinin bütün mərhələlərində onun nailiyyətlərindən cəmiyyətin bütün təbəqələri eyni dərəcədə faydalana bilmir. Biliklərə yiyələnməkdə varlılarla kasıblar arasında olan boşluq getdikcə genişlənir, hətta varlılar belə özlərini sərbəst hiss edə bilmirlər. Məhz bioetika cəmiyyətin bütün təbəqələri arasında həmrəyliyi yaradan, onun hüquqi əsaslarla problemlərini araşdıran bir elm sahəsi olduğundan onun tədrisi universitetlərin bütün fakültələrində vacibdir.

Bioetikanın tədrisində təkcə müəyyən həcmdə biliklərin tələbələrə ötürülməsi onun mahiyyətini əks etdirmir. Bioetikanın tədrisi o zaman bir məna kəsb edər ki, tələbələrdə cəmiyyətin bir üzvü olmaq məsuliyyəti hissi oyatsın, onların insani münasibətlər, qərar qəbul edərkən bioetikanın fundamental prinsiplərinə istinad etmək qabiliyyəti formalaşdırsın.

Úəmiyyətimizdə etik krizislə rastlaşırıq və çox ölkələrdə olduğu kimi onun prinsiplərinin tədris olunmaması gənc nəslin sağlam böyüməsində, daima vətəndaş mövqeyindən çıxış etməsində, münasibətlərdə, xüsusilə tibb mütəxəssislərinin peşə fəaliyyətində və eləcə də qərar qəbuledicilərin fəaliyyətlərində aşınmalara səbəb olar. Bu nöqteyi-nəzərdən ümumi bioetikanın universitet tələbələrinə tədrisi vətəndaş etikasının formalaşdırılmasında bir funksiya rolunu oynaya bilər.

19 oktyabr 2005-ci ildə YUNESKO - nun Baş Assambleyasının 33-cü sessiyasında Boetika və İnsan Hüquqlarına dair Ümumi Bəyannamə qəbul edilmişdir. Bu Bəyannamədə bioetikanın əsas prinsipləri göstərilmişdir. Bu prinsiplər aşağıdakılardır:

–     insan ləyaqəti və hüquqları;

–     xeyir və zərər;

–     muxtariyyat və fərdi məsuliyyət;

–     razılıq;

–     razılıqvermə qabiliyyəti olmayan şəxs;

–     insanın zəif cəhətlərinin tanınması və şəxsiyyətə hörmət;

–     şəxsi həyatın toxunulmazlığı və gizlilik;

–     bərabərlik, düzgünlük və bərabər hüquqluluq;

–     diskriminasiya və stiqmatizasiyaya yolverməmə;

–     mədəni müxtəlifliyə hörmət və plüralizm;

–     həmrəylik və əməkdaşlıq;

–     sosial məsuliyyət və sağlamlıq;

–     dəyərlərdən birgə istifadə;

–     gələcək nəslin müdafiəsi;

–     ətraf aləmin, biosferin və biomüxtəlifliyin qorunması.

Bəyannamədə verilən prinsiplər toplusu dünyanın hər bir ölkəsində bioetikanın formalaşması, tətbiqi və tədrisi üçün qlobal platforma rolunu oynayır. Bəyannamədən irəli gələn vəzifələri həyata keçirmək üçün YUNESKO hər il təkmilləşdirilən baza tədris proqramı yaratmışdır hansı ki, bu proqram universitetlərdə bioetikanın tədrisi üçün fundamental fəaliyyət proqramı hesab edilə bilər [6, s.20]. Dünyanın bir çox ölkələrində, o cümlədən bizim ölkəmizdə bioetika tədris olunmadığından bu proqram bioetikanın tədrisi üçün başlanğıcda əsas vəsait kimi istifadə edilə bilər. 28-29 may 2009-cu ildə YUNESKO - nun Moskva və Moldoviya bürolarının təşəbbüsü ilə Kişinyov şəhərində MDB ölkələrinin və eləcə də İrlandiya və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə bioetikanın tədrisi problemlərini müzakirə etmək üçün subregional görüş keçirmişdir. Bu görüşdə bioetikanın tədrisi sahəsində təcrübə mübadiləsi, problemlərin analizi, tendensiyalar və beynəlxalq əməkdaşlıq perspektivləri haqqında elmi çıxışlar olmuşdur. MDB ölkələri üçün bioetika fənni nisbətən yeni olduğu üçün bu fənnin tədrisində olan problemlər - hansı ali məktəblərdə tədris olunmalı, tədrisin hansı ilində, sərbəst fənn kimi və ya digər fənlərlə kooperasiyada, hansı mütəxəssislərin qüvvəsi ilə tədris olunmalıdır məsələləri müzakirə edilmişdir. Onu qeyd etmək lazımdır ki, bioetika fənni üçün heç bir ölkədə, o cümlədən bizim ölkəmizdə dəqiq və aydın tədris xəttinin olmaması, tədris proqramlarının bir-birindən kəskin fərqlənməsi, dərs saatlarının miqdarının proqramlara uyğunlaşdırılmaması tələb edir ki, bu sahədə YUNESKO-nun baza tədris proqramı əsas kimi götürülərək bioetika təhsili strategiyasını hər bir ölkə özü üçün hazırlasın [7, s.18].

Proqramın mahiyyətində YUNESKO-nun qəbul etdiyi prinsiplər durduğundan bu, bioetikanın konkret bir modeli deyildir. Proqram bir-birindən mədəniyyəti, tarixi, milli adət və ənənələri, dini özünəməxsusluğu ilə fərqlənən ölkələrin alimlərinin, pedaqoqlarının, siyasət adamlarının, səhiyyə və dövlət işçilərinin bölüşdürdüyü fikirləri təcəssüm etdirir. YUNESKO-nun üzv dövlətləri bioetikanın prinsipləri üzrə konsensus əldə etdiklərindən baza tədris proqramı əsasında bioetikanın tədrisinin bütün ölkələrdə həyata keçirilməsində elə də bir fikir ayrılığı yaranmayacaq. Lakin bu proqrama bioetika sahəsində hamı üçün ümumi bir tədris proqramı kimi baxmaq da düz deyil. Aydındır ki, bu baza tədris proqramı bioetikanın bütün aspektlərini əhatə etmir. Burada toxunulmayan bir sıra ənənəvi problemlərdən istifadə etməklə hər bir ölkənin mütəxəssisləri Bəyannamənin prinsiplərinə uyğun olan proqram yarada bilərlər. Digər tərəfdən, verilmiş mövzulara ayrılan tədris saatlarını hər bir ölkə özü müəyyənləşdirə bilər. Yaxşı olar ki, bioetikanın tədrisində qaldırılan məsələləri əhatə edən mövzulara ayrılan tədris saatları hər bir ölkənin tədris standartlarına uyğun olaraq müəyyən edilsin. Müxtəlif sosial, mədəni və iqtisadi şəraitə malik olan bütün ölkələrdə baza tədris proqramının tətbiq oluna bilməsini YUNESKO-nun nəzərə almasına baxmayaraq onu qeyd etmək lazımdır ki, bu proqramla bioetikanı tələbələrə tədris edən müəllimlər özləri proqramda nəzərdə tutulan məsələlərin tələbələrə çatdırılması metodunu işləməlidirlər. Onlar həm proqramda və həm də digər mənbələrdə verilən bioetik məsələləri qabartmalıdırlar. Odur ki, bu baza tədris proqramını bioetika sahəsində tədris üçün minimal proqram kimi qəbul etmək lazımdır. Onu şəraitə uyğun olaraq təkmilləşdirmək və zənginləşdirmək hər bir ölkənin tədris siyasətinə uyğun yerinə yetirilməlidir.

YUNESKO-nun bioetika baza tədris proqramı iki hissədən ibarətdir. Onun birinci hissəsində tədrisin məqsədini, planını və hər bir mövzu üzrə müəllimlər üçün tövsiyələr də daxil olmaqla əsas mahiyyəti verilmişdir. İkinci hissədə hər bir mövzuya dair tədris materialları verilmişdir .

Bioetika üzrə baza tədris proqramının əsas məqsədi bioetikanın tədris olunmasıdır. Burada hər bir mövzunun konkret məqsədi var. Mövzulara konkret məqsədin qoyulması bu mövzuların məhdudlaşdırılması üçün deyil, həm də proqramın özünün qiymətləndirilməsinə və tələbələrin müvəffəqiyyət qazanmasına yönəlmişdir. Bu proqramın əhatə etdiyi əsas qruplar tibb tələbələridir. Lakin proqram həm də hüquq, fəlsəfə və sosial elmlər üzrə ixtisaslaşan tələbələr üçün də bioetikanın tədrisini həyata keçirməyə imkan verir. Tibb tələbələrinə bioetikanın tədrisi tibbi təhsilin klinik hissəsinin qurtarmasına qədər başa çatmalıdır. Bəzi hallarda klinik dərslərin tədrisindən əvvəl də bu proqramdan istifadə etmək olar, amma əminliklə demək olar ki, baza tədris proqramı klinik təhsil mərhələsində daha effektlidir. Çünki bu mərhələdə tələbələr etik problemlərlə daha çox rastlaşırlar və onların bu mərhələdə etik məsələləri müzakirə etmələri daha asan olur.

Tibb universitetlərində bioetikanın tədrisi adətən konkret tibbi problemlərin ətrafında qurulur. Belə proqramlarda həyat və həyatın sonu məsələlərini əhatə edən konkret mövzular verilir, konkret situasiyalarda tibb mütəxəssisinin necə hərəkət etməsi müzakirə olunur. YUNESKO-nun bioetika üzrə baza tədris proqramında isə onun qəbul etdiyi Bəyannamənin hər bir prinsipi ayrıca bir mövzu kimi verilir və bu mövzuların tədrisi tələb olunur. Bəyannamənin prinsiplərinin ümumi mahiyyətinin açılması üçün müəllim müxtəlif konkret situasiyalardan da istifadə edə bilər. Müəllimlər adət-ənənələrə və digər aktual problemlərə aid olan uyğun modullar da yarada bilərlər. Təhsilin strukturundan asılı olaraq bu və ya digər universitetdə bioetikanın tədrisi təhsilin ilkin pillələrində və ya sonrakı mərhələlərində həyata keçirilə bilər. Hər bir universitet bioetikanın tədrisini həyata keçirərkən baza tədris proqramına əlavə saatlar ayıra bilər, onun hansı mövzularının hansı mərhələdə tədris olunmasını özü müəyyənləşdirə bilər.

Universitet müəllimləri nəzərə almalıdırlar ki, bu proqramın icrası vasitəsilə tələbələrdə insan hüquqları ilə əlaqədar olan etik aspektlərə münasibət formalaşdırmaq, sosial məsələlərin həllində vətəndaş mövqeyi göstərmək, sağlamlığın möhkəmləndirilməsinə xidmət edən etik prinsiplərin bərqərar olmasına və cəmiyyətdə yaşayış normalarına yüksək dərəcədə əməl edilməsinə gətirib çıxaran vərdişlər yaradılmasına nail olmaq mümkündür.

Bioetika kursunun tədrisində əsas məqsəd kimi üç ümumi prinsipi götürmək olar: 1) kursun tədrisindən sonra tələbələr tibbdə, səhiyyədə və həyat haqqında elmi fəaliyyətdə etik problemləri müəyyən etməyi bacarmalıdırlar; 2) etik məsələlərin həllində rasional əsaslandırılmanı bacarmalıdırlar; 3) tələbələr bioetika və insan hüquqlarına dair bəyannamənin prinsiplərinin tətbiq edilməsi yollarını öyrənməlidirlər. Bu üç prinsipə yiyələnən tələbələr bioetika kursunun tədrisində nəzərdə tutulan problemlərin gələcəkdə onların həyat fəaliyyətində nə dərəcədə əhəmiyyətli olacağına əmin ola bilərlər.

Bioetika hansı mövzuları əhatə etməlidir? Bu mövzular cəmiyyətdə insan faktorunun rolunu ön plana çəkməklə aşağıdakılar ola bilər: muxtariyyət (müstəqillik), ədalət, risklərdən faydalanmaq, transplantasiya, ekologiya və etika, dayanıqlı inkişaf, evtanaziya, xərçəngin sağalmaz xəstəlik olması haqqında həqiqətlər, gen mühəndisliyi və ərzaq məhsulları, reproduktiv texnologiyaları, sperm və yumurtaların mayalanmadan əvvəl genetik testi, somatik hüceyrə, gen müalicəsi, surroqat ana və donorluq problemləri, embrion statusu, insanların klonlaşdırılması, yevgenika və s.

Bu mövzular məhz YUNESKO-nun qəbul etdiyi bəyannamənin ruhuna uyğundur. Onun qəbul etdiyi baza tədris proqramına uyğun olaraq elə bu mövzular ətrafında universitetlərdə bioetikanın tədrisini həyata keçirmək olar. Məsələn, bioetika kursunun ilk mövzusunu bioetikanın mahiyyətinə, onun yaranma tarixinə, əxlaqi tərəfinə , xarakterinə həsr etmək olar. Bioetika nədir, mövzusunda etikanın nə olduğunu, etika aləmini, borcun və əxlaqın universal təcrübəsini, insan əxlaqının universal və dəyişkən olmasını, onun kriteriyalarını açıb göstərmək olar. Bu mövzunu mənimsədikdən sonra tələbələr tibbi etika ilə bioetikanın fərqini, bioetika ilə hüququ, mədəniyyəti və dini fərqləndirməyi başa düşəcəklər, bioetikanın prinsiplərini izah etməyi və onların praktik situasiyalarda olçülməsini tətbiq etməyi bacaracaqlar. Bioetika etika sahəsində ilk qlobal düşüncə tərzidir. Rassel Potterin bioetikaya aid yazdığı kitablardan biri elə belə də adlanır - Qlobal bioetika [8, s.118]. Etika öz tarixi boyu heç vaxt qlobal aspektdən çıxış edə bilməyib. Onun təklif etdiyi ən çox yayılmış kriteriyası universallıq olmuşdur, hansı ki, Kantın “universallıq” prinsipi adlandırırlar. Bu prinsipə görə “Ümumi qanun olması üçün elə hərəkət et ki, arzu etdiyin maksimuma uyğun olsun”. Alman filosofu Emanuel Kant (1724-1804) “unversallıq” dedikdə çox ehtimal ki, dar mənada yalnız mövcud olan insanları nəzərdə tuturdu. Qloballıq dedikdə isə nəinki mövcud olan insanlar, həm də gələcək nəsillər (“virtual” insanlar), ətraf aləmdə digər canlı orqanizmlər, həmçinin təbiət başa düşülür.

İkinci mövzu kimi insan ləyaqəti və insan hüquqları mövzusunu götürmək olar. Bu mövzunu mənimsəyən tələbələr insan ləyaqəti və hüquqları anlayışlarını izah etməyi, onları lazım gələn hallarda tətbiq etməyi bacaracaqlar. Tələbələr bu anlayışların bioetika kontekstində əhəmiyyətini başa düşəcəklər. Qədim yunan fəlsəfəsində, xüsusilə Aristoteldə ləyaqət insanın fikirləşmək, öz fikri olmaq və sərbəst qərar qəbul etmək qabiliyyətini büruzə vermək bacarığı ilə eyniləşdirilirdi. Müasir fəlsəfədə isə insan ləyaqəti anlayışını insan hüquqları ideyası ilə əlaqələndirirlər. Kant etikasının əsas prinsiplərindən biri - istənilən başqa bir insana heç vaxt vasitə kimi deyil, məqsəd kimi baxmaq ideyası insan hüququ konsepsiyasının həqiqi bazisi kimi fundamental əxlaqi və siyasi fəlsəfə tərəfindən qəbul olunmuşdu. Müasir beynəlxalq hüquqda, milli konstitusiyalarda və digər normativ sənədlərdə insan ləyaqəti insan hüquqları ilə sıx əlaqələndirilir. Bütün insanlar cinsindən, yaşından, sosial statusundan və etnik mənsubiyyətindən asılı olmayaraq eyni ləyaqətə malikdirlər. Şəxsiyyətin ləyaqətinin tanınması onun hüquqlarına hörmət etməyi, şəxsi həyatına qayğıkeş münasibətdə olmağı, qeyri-qanuni təcavüzlərdən qorumağı və cəmiyyətdə öz layiqli yerini tutmasına kömək etməyi nəzərdə tutur.

Üçüncü mövzu olaraq xeyir və zərər kimi mövzunu götürmək olar. Bu mövzunu mənimsədikdən sonra nəyin faydalı və nəyin zərərli olduğunu təyin etməyi, onları qiymətləndirməyi, fayda və zərər haqqında qərar qəbul edərkən onu əsaslandırmağı bacaracaqlar. Bu mövzu sağlamlıq üçün nəyin faydalı olması anlayışlarının analizindən başlanır. Hər şeydən əvvəl, tələbələr sağlamlıq nədir sualına cavab tapmalıdırlar. Adama elə gəlir ki, kimdəsə xəstəlik aşkar olunan kimi onun sağlamlığa ehtiyacının olduğunu müəyyən edirik. Xəstəliyin olmaması tibbi yardıma ehtiyacın olmaması demək deyil. İndi əhalinin xeyli hissəsi tam sağlam olsa belə yenə həkimlərə müraciət edirlər. Onların müraciəti bədənlərində olan diskomfortluğu aradan qaldırmaq, kosmetik cərrahiyə, travmalardan sonra yaranan eybəcərlikləri düzəltmək və s. fizioloji çatışmazlıqla əlaqədar olur. Bundan başqa bir sıra psixiki pozuntular, ruh düşkünlüyü, insanlarda davranışların normadan kənarlanması halları da sağlamlıq anlayışına daxil edilir. Odur ki, bu hallarda həkim - pasiyent münasibətləri daha çox etik və hüquqi kontekstdə analiz edilməlidir. Beynəlxalq Sağlamlıq Təşkilatının müəyyən etdiyi kimi sağlamlıq - təkcə xəstəliyin və ya pozuntuların olmaması deyil, sağlamlıq tam fiziki, psixoloji və sosial rifah halının yüksək olmasıdır. Tibbi yardım, elmi təcrübələr və digər hallarda sağlamlığa dəyən zərərin müəyyən edilməsi də bioetik problemlərdən ən mühümüdür. Tələbələrin bu problemlərin mahiyyətini dərindən öyrənmələri üçün zərərin bütün aspektlərini analiz etmək lazımdır. Zərərin fiziki, psixoloji, mənəvi və ya sosioloji, iqtisadi aspektlərini ətraflı müzakirə edərək tələbələrdə onların müəyyən edilməsi bacarıqlarını formalaşdımaq lazımdır.

Muxtariyyat və şəxsi məsuliyyət mövzusu da bioetikanın ən mühüm mövzularından biridir. Bu mövzunu mənimsəyən tələbələr pasiyentlə səhiyyə işçiləri arasında olan münasibətləri daha dərindən başa düşəcəklər. Onlar sərbəstliklə şəxsi məsuliyyət arasında olan mütənasibliyi başa düşməlidirlər. Tələbələr hər bir kəsin öz sağlamlığının qayğısına qalmaqda, tibbi yardıma ehtiyacını müəyyən etməkdə tam sərbəst olduğunu anlamalıdırlar. Həkimlər pasiyentlərin muxtariyyat hüququna və məsuliyyət hisslərinə hörmətlə yanaşmalıdırlar. Tələbələr muxtariyyat anlayışının müxtəlif səviyyələrin, məsuliyyət hissinin ayrı-ayrı aspektlərini müəyyən etməyi bacarmalıdırlar. Onlar məsuliyyətin ikili xarakterini, onun hesabatvermə və şəxsi , universal borc kimi xarakterlərə malik olduğunu bilməlidirlər. Etikada məsuliyyətlə sərbəstliyin bir-birindən ayrı anlayışlar olmadığı qəbul edilir. Bioetika da bu prinsip əsasında tələbələrdə bilik formalaşdırır.

Bioetikanın mövzuları çox mürəkkəbdir, bu mövzular hər şeydən əvvəl insani münasibətlərə aid olduğu üçün zaman və məkandan, cəmiyyətin inkişaf səviyyəsindən, mədəniyyətlərin formasından, insanların intellektual səviyyəsindən, təbii resursların istifadə yollarından, beynəlxalq əlaqələrdən, cəmiyyətin informativliyindən, texnologiyaların mənimsənilməsindən və bir sıra ictimai proseslərin təbiətindən asılıdır. Odur ki, bioetikanın elə sualları var ki, onlara cavab tapmaq asan məsələ deyil. Bioetika sahəsində təhsilin başlıca vəzifəsi ondan ibarətdir ki, o tələbələrdə düşünməyin müxtəlif yollarını öyrətsin, suallara cavab tapmaqda sərbəst olsunlar, konkret situasiyalar üçün qərar qəbul etməyi bacarsınlar.

Bioetikanın tədrisi üçün nəzərdə tutulan mövzular bir-biri ilə əlaqələndirilməli və onlar bir-birini tamamlamalıdır. Məsələn, razılıq vermə mövzusu ilə razılıq vermə qabiliyyətinə malik olmaq kimi mühüm mövzuları bir-birindən ayrı tədris etmək mümkün deyil. Bu mövzuları mənimsəyən tələbələr razılıq nədir, məlumatlanmaq və məlumatlandırılmış razılıq anlayışlarının mahiyyətini başa düşəcəklər. Tələbələr məlumat almaq prinsiplərinə qoyulan qaydaları öyrənəcəklər, razılıq vermə prinsipinin hansı müalicə hallarında, araşdırmalarda tətbiq olunmasını müzakirə edəcəklər, bu prinsipdən yayınmağı əsaslandırmağı bacaracaqlar. Razılıq prinsipi insan ləyaqətinə və hüquqlarına hörmət prinsipləri ilə əlaqələndirilməlidir. Bu prinsip muxtariyyət və fərdi məsuliyyət prinsiplərinin praktiki olaraq dəqiqləşdirilməsidir. Onun məqsədi pasiyentin sərbəstliyini, insan kimi statusunu təsdiq etmək, məcburiyyət və aldatmaq hallarını aradan qaldırmaq, həkimin özünə tənqidi yanaşmasını və ictimaiyyəti geniş mənada tərbiyələndirməkdir. Tələbələr razılıqvermə qabiliyyətinə malik olmanın mahiyyətini düzgün başa düşməlidirlər, onun kriteriyalarını müəyyən etməyi və hansı hallarda tətbiq edilməsini başa düşməlidirlər. Razılıqvermə qabiliyyətinə malik olmayan şəxslərin müdafiəsi, onların kateqoriyaları, hüququ aspektləri, bu sahədə beynəlxalq qanunlar da bu mövzuda müzakirə olunmalıdır. Mövzunun yaxşı mənimsənilməsi üçün xüsusi prosedurlardan nümunələr gətirərək praktiki halları nəzərdən keçirmək lazımdır. Razılıqvermə qabiliyyətinin olmaması halları şəxsiyyət azadlığının məhdudlaşdırılması kimi başa düşülməməlidir. Bu kateqoriyadan olan adamların (yetkinlik yaşına çatmayanlar, əqli çatışmazlıqları olanlar, müvəqqəti olaraq özündə olmayanlar, məsələn, huşunu itirmişlər və s.), situasiyaların (savadsızlıq, sosial-mədəni vəziyyət, məcburi təcrid edilmış hallarda və s.) müəyyən edilməsi də bu mövzuların predmeti ola bilər.

Tələbələr üçün seçilən ən aktual mövzulardan biri də şəxsi həyatın toxunulmazlığı və məxfilik mövzusudur. Bu mövzunu mənimsəyən tələbələr nə üçün pasiyentin şəxsi həyatı toxunulmazdır və məxfiliyə əməl edilməsi vacibdir suallarına cavab tapacaqlar. Onlar pasiyent haqqında məlumatların məxfi saxlanmasından imtina hallarını, bu zaman baş verən pozuntuları izah etməyi bacaracaqlar. Səhiyyə işçiləri, həkimlər və eləcə də bu sahənin rəsmiləri pasiyentin şəxsi həyatını müdafiə etməli, onun haqqında bütün məlumatları, o cümlədən genetik məlumatları gizli saxlamalıdırlar. Tələbələr hansı hallarda məxfiliyin pozulmasını izah etməyi öyrənməlidirlər. Məxfiliyin saxlanması məsuliyyəti qərb tibb etikasının Hippokrat dövründən qalan etikadır. Mədəniyyətlərdən asılı olaraq digər ölkələrdə bu prinsipə əməl olunmasının yollarını tələbələr bu mövzuda öyrənməlidirlər.

YUNESKO-nun bioetika baza tədris proqramında irəli sürülən prinsiplərə uyğun mövzuların seçilməsi həm tibb və biologiya fakültələrinin, həm də hüquq və sosial elmlərin tələbələri üçün münasibdir. Bioetika kursunun tədrisində hansı pedaqoji yanaşmalardan istifadə etmək lazımdır ki, arzu olunan nəticəyə nail olasan? Digər fənlərin tədrisindən fərqli olaraq bioetika fənninin tədrisində əsas məsələlərdən biri tədrisin metodologiyasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bioetikadan biliklər toplusunun tələbələrə çatdırılması deyil, onların praktikada tətbiqi bacarağının formalaşdırılması vacibdir. Odur ki, nəyi tədris etməklə yanaşı, necə tədris etmək də vacibdir. Bu sahədə Qərb universitetlərinin təcrübəsindən istifadə etməklə universitetin təhsil strategiyasına uyğun tədris proqramları yaratmaq lazımdır.

Bioetikanın tədrisində və nəticələrin qiymətləndirilməsində hansı üsullar daha yaxşı işləyir? Şübhəsiz, tələbələr üçün bioetikanın tədrisində ənənəvi tədris metodlarından istifadə etmək olar. Qərb universitetlərinin təcrübəsi göstərir ki, interaktiv tədris metodu dünyagörüşləri müxtəlif olan auditoriyalarda daha effektiv olur. Məsələn, Qlazqo Universitetində 20-35 nəfərdən ibarət olan qrupda tələbələr 4-7 nəfərdən ibarət qruplara bölünür və onların hər birinə bir mövzu verilir. Bu qruplar mövzunu hazırladıqdan sonra müxtəlif formalarda təqdimat seminarları təşkil edirlər. Bu seminarlarda onlar mövzunu təqdim edərək müzakirə edirlər. Müzakirələr zamanı digər tələbələr də öz irad və təkliflərini bildirirlər. Müzakirələrdə müxtəlif oyunlardan, elektron vasitələrindən, video kliplərdən də istifadə etmək olar. Hətta xeyli böyük qruplarda da lazım olan nəticəni bu üsulla almaq mümkündür. Ş. İllingworth-un (2004) metodik vəsaitində humanitar fakültələr də daxil olmaqla, sağlamlıq etikasına aid olan bioetikanın tədrisi üsulları geniş şərh edilmişdir [9, s.112]. H.M Clarkeburn və onun əməkdaşları (2002) bioetikanın tədrisində inşa yazı (esse) formasının daha effektli olduğu göstərilir. Bu metodların əsas üstünlüyü odur ki, bu zaman az bir müddətdə geniş auditoriyanı təlimləndirmək olur [9, s.68].

Bioetikanın tədrisi konseptual analiz ilə konkret hadisələr arasında dinamik tarazlığın yaradılmasıdır. Tələbələrə araşdırma, analiz, müzakirə və cəmiyyətə keçilən mövzular dairəsində təkliflər vermək imkanı yaratmaq bioetikanın tədrisində mühüm məsələdir. Bu zaman abstrakt təfəkkürlə konkret reallığın inteqrasiyası baş verir və tələbələr özlərini real hadisələrin iştirakçısı kimi hiss edirlər.

Bioetikanın humanitar və sosial elmlər fakültələrində bakalavr tələbələri üçün tədrisi tibb və biologiya tələbələrinə bioetikanın tədrisindən fərqlənməlidir. Əsas fərqlərdən biri budur ki, sosial və humanitar fakültələrin tələbələrinə aşağı kurslarda belə bioetikanı tədris etmək mümkündür. Lakin tibb tələbələri üçün bu effektli deyil. Onlara bioetikanın tədrisi klinik dərslərin tədrisi ilə paralel aparılmalıdır. Çünki tələbələr klinik dərslərdə daha çox konkret situasiyalarla tanış olurlar və bu hallar üçün bioetikanın prinsiplərinin müzakirəsi lazım olur. Digər cəhətdən klinik dərslərdə tələbələr daha çox praktik həkimlərin yanında olur, real danışıq və müzakirələrdə dilemma qarşısında qalırlar. [11, s.68; 12, s.436].

Bununla yanaşı, bioetika liberal təhsilin bir hissəsi olduğundan bakalavr tələbələri üçün onun tədrisinin əsas məqsədi onları demokratik cəmiyyətdə lazımlı vətəndaş həyatına hazırlamaq, kritik düşüncə təfəkkürü formalaşdırmaq, tibb sahəsində mövcud problemlərin müzakirəsində aktiv olmaq üçün hazırlamaqdır Kritik düşüncə tərzinə malik olan tibb mütəxəssisləri ağıllı qərarlar qəbul etmək, özü-özünə tənqidi yanaşmaq, əxlaqlı olmaq və simpatiya yaratmaq qabiliyyətinə malik olurlar [13, s.68; 14, s.36].

Bakalavr tələbələrində tənqidi fikirləşmə bacarığını inkişaf etdirməyin bir yolu onları bioetika sahəsində dövlət siyasətinin bir sıra mövzularını araşdırmağa, analiz, müzakirə etməyə və təkliflər verməyə sövq etməkdir. Fəaliyyətin bu tipi tələbələri özlərinə əhəmiyyətli ictimai müzakirədə iştirakçılar kimi baxmağa həvəsləndirir.

Məsələn, tələbələrin bir qrupu özül hüceyrələrinin tədqiqi və ya QİÇS üzrə beynəlxalq tədqiqatları araşdırmaqla bu mövzular üzrə kifayət qədər elmi, tibbi və tarixi məlumatları əldə edərək potensial etik sualları müəyyənləşdirə bilərlər. Özül hüceyrələrinin tədqiqindən alınan faydalı nəticələr insan rüşeymindən istifadə etməyə haqq qazandırırmı? İnsanın özül hüceyrələrinin alınması mənbələrinin hamısı əxlaqi cəhətdən ekvivalentdirmi? QİÇS üzrə beynəlxalq tədqiqatlar zamanı insanların mövcud təhlükəsizlik qaydaları adekvatdırmı? İnkişaf etmiş ölkələrdə QİÇS üzrə araşdırmalar zamanı onlar öz vətəndaşlarından istifadə edirlərmi? Bu kimi suallara tələbələrin cavab tapması onları bilavasitə milli etika komitəsinin ekspertləri kimi çıxış etməyə həvəsləndirir.

Bu mövzular ətrafında tələbələrin tam yekdil fikrə gəlmələri o qədər də vacib deyil, əsas məsələ onların təklifləridir. Bir qrup tələbə hesab edə bilər ki, özül hüceyrələri üzrə tədqiqatlara icazə vermək ana bətnindən kənarda rüşeymlərin süni alınmasına yol açar. Onlar bu fikirlərini əsaslandırmalıdırlar, tələbələrə təkliflərinin əxlaqi cəhətlərini ətraflı öyrənməyi təklif etmək lazımdır. Digər tələbələr, mövzunun müzakirəsində aktiv iştirak etməlidirlər.

Beləliklə, Azərbaycan ali məktəblərində tibb, biologiya, sosiologiya, hüquq və eləcə də digər ixtisaslar üzrə ixtisasçı kadrlar hazırlığı proqramlarında bioetikanın bir fənn kimi tədrisi vacib məsələlərdən biridir. Respublikamızda YUNESKO-nun bu sahədə fəaliyyətindən, dünya təcrübəsindən və beynəlxalq əməkdaşlıqdan istifadə edərək bioetikanın tədrisini müvəffəqiyyətlə həyata keçirmək mümkündür.

İndi dünyanın əksər universitetlərinin proqramlarına bioetika kursları daxil edilmişdir. C.J.R. Willmott və onun əməkdaşlarının araşdırmalarından məlum olur ki, universitetlərin bakalavr dərəcə proqramlarının 70%-də etikanın, o cümlədən bioetikanın komponentlərinə rast gəlmək olur [15, s.18].

Əgər biz “idarə edilən cəmiyyətdə” yaşamaqdan boyun qaçırmırıqsa, harada ki, biz passiv olaraq başqalarından bizə nə ötürülür alırıq, vacibdir ki,  mövcud olan sosial siyasətlərdə öhdəlik hissini inkişaf etdirək və düşünülmüş mühakimələri, zəruri kritik (tənqidi) fikirləri [15, s.18] həyata keçirək. Xoşbəxtlikdən, tibbdə və biotexnologiyada baş verən hadisələr geniş debatlar üçün etik problemlərin bolluğunu təklif edir. Ali məktəblərdə bioetikanın tədrisi elə bu müzakirə və debatlara diqqətin təzahüründən yaranır.




Dərc olunub : 2011-11-25 15:26:00
Oxunma sayı : 65