Əməkdaşlarımızin Rusiyada məqalələri dərc olunub

İnstitutumuzun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin əməkdaşları Məhəmməd İmanlı, Xəyalə Kələşova və Maral Həsənovanın birgə müəllifliyi ilə “Azərbaycanda kibertəhlükəsizlik və informasiya sahəsində cinayətlər” adlı məqalə dərc olunmuşdur. Məqalə bu il aprelin 28-29-da Moskva şəhərində keçirilmiş “Cinayət hüququ və əməliyyat-axtarış fəaliyyəti: qanunvericilik, elm və təcrübə problemləri” mövzusunda elmi-praktik konfransın materiallarına daxil edilmişdir.
Məqalədə beynəlxalq sistemdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq göstərilən fəaliyyətlər və effektiv idarəetmə nəticəsində bu sistemin hüquqi tənzimlənməsinin zəruriliyi vurğulanır. Qeyd edilir ki, beynəlxalq birliyi qlobal informasiya mühitinin hüquqi tənzimlənməsi, xüsusən də bu məkanın cinayət hücumlarından qorunması olmadan təsəvvür etmək mümkün deyil.
Müəlliflər hazırda qlobal şəbəkələrdə və informasiya kommunikasiyalarının inkişafı ilə bağlı mövcud olan texnoloji fəaliyyətin prioritet sahələrində əsas insan hüquq və azadlıqlarının, söz və ifadə azadlığının, şəxsi həyatın toxunulmazlığının qorunması, şəbəkə istifadəçiləri haqqında məlumatların, habelə onların əqli mülkiyyət hüquqlarının müdafiəsi məsələlərinə toxunmuş, müasir informasiya cəmiyyəti üçün əhəmiyyət kəsb edən kibercinayətkarlıqla mübarizə probleminə xüsusi diqqət yetirmişlər.




Dərc olunub : 2022-11-15 10:30:00
Oxunma sayı : 17