Hüquq tədqiqatçımızın “İnsan alveri qurbanlarının müdafiəsi: beynəlxalq və milli hüquq normaları kontekstində” adlı məqaləsi dərc olunub

                                                           

Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı Sevinc Hüseynovanın “İnsan alveri qurbanlarının müdafiəsi: beynəlxalq və milli  hüquq normaları kontekstində” adlı məqaləsi “Respublika” qəzetinin 26 yanvar 2023-cü il tarixli 17 saylı buraxılışında dərc edilmişdir.

Məqalədə göstərilir ki, qurbanların istismar vəziyyətindən çıxarılması, təxirəsalınmaz fiziki və psixoloji ehtiyaclarının təmin edilməsi və müvafiq müdafiə tədbirlərinin həyata keçirilməsi üçün onların statusunun müəyyənləşdirilməsi vacibdir.

Müəllif məqaləsində xüsusi olaraq vurğulayır ki, beynəlxalq və milli hüquqi aktlarda insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər  çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi əsas fəaliyyət istiqamətlərini ehtiva edir.

Məqalədə qeyd edilən normativ hüquqi aktlardan məlum olur ki, qurbanların onların insan hüquqlarına hörmətlə yanaşılması kimi hüquqları var və onlar öz müqəddəratını təyinetmə hüququ ilə, müdafiə, təhlükəsizlik və fərdi qayğı ilə təmin edilməlidirlər. Onlara qarşı ayrı-seçkiliyə yol verilməməlidir. İnsan alveri qurbanlarının konfidensiallıq hüququna riayət edilməlidir. Qurbanların müdafiəsi həmişə prioritet məsələdir və cinayət araşdırmasına başlamazdan əvvəl hüquq-mühafizə orqanları qurbanların müdafiəsiz vəziyyətdən çıxarılmalarını və onların təhlükəsizliklərinin təmin olunması üçün nəzarət altına alınmalarını təmin etməlidirlər.




Dərc olunub : 2023-01-31 17:07:00
Oxunma sayı : 8