Tədqiqatçımızın “Müasir Beynəlxalq hüquqda ekoloji insan hüquqları” adlı məqaləsi dərc olunub

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Şəlalə Həsənovanın “Müasir Beynəlxalq hüquqda ekoloji insan hüquqları” adlı məqaləsi 27 dekabr tarixində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda keçirtdiyi Beynəlxalq elmi-praktiki konfransın materiallar toplusunda dərc edilmişdir.
Məqalədə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) təcrübəsinə nəzər yetirilib və insanların əlverişli (sağlam) ətraf mühitdə yaşamaq hüququna “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ) və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələri kontekstindən yanaşıldığı geniş şərh edilib.
Tədqiqatçı məqaləsində məhkəmə presedentlərindən nümunələr gətirməklə, hesab edir ki, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnun pozulduğu hallarda bu pozuntunun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi kontekstindən müəyyən edilməsini təcrübədə xeyli çətinləşdirir. Müəllif problemin iki əsas həlli yolunun mümkünlüyünü qeyd edərək bildirir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olaraq “sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnu” nəzərdə tutan fakültativ protokol, yaxud da BMT tərəfindən “Ekoloji insan hüquqları haqqında” Pakt qəbul edilə bilər.




Dərc olunub : 2022-12-29 01:24:00
Oxunma sayı : 5