İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclası keçirildi

Fevral ayının 13-ü AMEA-da akademiyanın müxtəlif institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilmişdir. Hesabat iclası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunmuşdur.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini vurğulamışdır.

Həmçinin İdarənin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva da AMEA-nın 40-dan artıq institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsi, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsində mühüm amil olduğunu qeyd etmişdir.

Sonra Ü.Rzayeva akademiyanın 6 elmi bölməsi üzrə ictimaiyyətlə əlaqələr rəhbərləri arasından, hər bölmə üzrə 1 nəfər ən fəallardan məsul şəxs seçilməsi məsələsinə toxundu.

Qeyd edək ki, İctimai elmlər bölməsi üzrə Hüquq və İnsan Haqları İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Leyla Məmmədova məsul şəxs təyin edildi.

Daha sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri çıxış edərək hesabat ili ərzində görülən işlər, eləcə də şöbənin əsas fəaliyyət istiqamətləri, mətbu orqan və internet-mediada işıq üzü görən xəbərlərin satistik göstəriciləri, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, sayta edilən müraciətlərin dinamikası, elmi müəssisənin təbliğinin sosial mediada aparılması sahəsində görülən işlər haqda məlumat verdilər.


Dərc olunub : 13-02-2018

Oxunma sayı : 14