Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində hüquqşünaslar üçün növbəti təlim Şirvan şəhərində keçirilib

Hüquq və İnsan Haqları İnstitutu, Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığı ilə birgə əməkdaşlığı çərçivəsində hüquqşünaslar üçün keçirilən növbəti təlimlərə start verildi. 

Sentyabr ayının 12-də Şirvan şəhərində baş tutan təlim “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilib.

Təlim ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün təşkil edilib.

Tədbirin açılışında İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlı təlim iştirakçılarına İnstitutun fəaliyyəti barədə ümumi məlumat verib və “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimatla  çıxış edib. Təlimçi ədalətli məhkəmə araşdırması hüququnu qanunun aliliyi baxımından şərh edərək, məhkəməyə əlçatanlığın praktiki və effektiv olmasının vacibliyini vurğulayıb.

İnstitutun hüquq eksperti Vəfaddin İbayev təqdimatında Azərbaycana qarşı qəbul olunmuş qərarlarda aşkar edilmiş pozuntular və onların aradan qaldırılması yolları, məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib. V. İbayev təqsirsizlik prezumpsiyası, məhkəmə qərarlarının icrasının gecikdirilməsi və digər məsələlərə də toxunub.

Müzakirələr zamanı təlimçi-ekspertlər tərəfindən təlim iştirakçılarına təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların mahiyyəti və əsasları izah olunmuş, müdafiənin təşkili üçün zəruri vaxtın verilməsi, sübutların tədqiqi və təqdim olunmasında bərabərlik, prosesin aparıldığı dili bilməyən şəxslərin tərcüməçi ilə təmin olunması mövzularına dair müvafiq tövsiyələr verilib.

İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. Sonda 17 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.




Dərc olunub : 2023-09-12 15:13:00
Oxunma sayı : 131