Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində iyul ayının son təlimi Gəncə şəhərində keçirilib

Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində iyulun 29-da Gəncə şəhərində təlim keçirilib.

“Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlim ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün təşkil edilib.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlı təlim iştirakçılarına İnstitutun fəaliyyəti barədə ümumi məlumat verərkən qeyd edib ki, İnstitut mütəmadi olaraq maarifləndirici təlimlər keçirir.

Daha sonra V.Muradxanlı “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimatla auditoriya qarşısında çıxış edib. Təlimçi-ekspert ədalətli məhkəmə araşdırması hüququnu qanunun aliliyi baxımından şərh edərək, məhkəməyə əlçatanlığın praktiki və effektiv olmasının vacibliyini vurğulayıb. Habelə, prosessual tələblərin düzgün yerinə yetirilməsi məsələsinə də toxunub.

Təlimçi-ekspert, Vəkillər Kollegiyasının üzvü Babək Həmidov “AİHK-in 6-cı maddəsi: cinayət-hüquqi aspekt” mövzusu ilə təlimi davam etdirib. O, ittiham olunan şəxslərin 6-cı maddə ilə əhatə olunan hüquqları, bu sahədə standartları və yanaşmaları müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) ən vacib qərarlarını diqqətə çatdırıb. Həmçinin təlimçi- ekspert tərəfindən hüquqi yardım göstərilməsi və vəkillə təmin olunma məsələsi müəyyən aspektdən izah edilib.

Müzakirələr zamanı təlimçi-ekspertlər tərəfindən təlim iştirakçılarının sualları ətraflı cavablandırılıb, o cümlədən, təlimin mövzusuna dair müvafiq tövsiyələr verilib.

İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. Sonda 20 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.




Dərc olunub : 2023-07-29 14:54:00
Oxunma sayı : 100