Avropa Şurasının Bakı ofisi və İnstitut rəhbərlərinin görüşü keçirilib

Sentyabrın 29-da Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Şurasının (Council of Europe) Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Petr Zix ilə görüşüb.

İnstitutun rəhbəri Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) uyğun olaraq insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsinin gücləndirilməsində və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) qərarlarının vaxtında, effektiv icrasını təmin etmək səylərində Azərbaycana dəstək olduqlarına, həmçinin səmərəli əməkdaşlığa görə P.Zixə təşəkkür edib. M.Quluzadə Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsinin məhkəmə sisteminin inkişafında səmərəliliyin artırılmasına və keyfiyyətinin gücləndirilməsinə töhfə verəcəyinə ümid bəslədiyini qeyd edib. Həmçinin, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığı ilə İnstitutun birgə təşkil etdiyi və hüquqşünaslar üçün nəzərdə tutulmuş AİHK-in 3-cü və 6-cı maddələri üzrə silsilə təlimlərə dair ən son məlumatları da qonağın diqqətinə çatdırıb.

Petr Zix İnstitutla səmərəli əməkdaşlıq üçün təşəkkür edərək Avropa İnsan Hüquqları Konvensiyasının yetmiş illiyi ərəfəsinə təsadüf edən bu təlimlərin hüquqşünas və vəkillərin işgüzar potensiallarının inkişaf etdirilməsi üçün faydalı olacağını bildirib. O, eyni zamanda, Avropa Şurasının “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi” adlı yeni layihəsi barədə dolğun bilgilər verib. Öz növbəsində, Məhəmməd Quluzadə İnstitut tərəfindən 2023-cü ilin birinci yarımilliyində KİV-də dərc olunan materialların insan hüquqları perspektivindən monitorinqinin aparılması ilə bağlı görülən işlərdən bəhs edib.

Görüşdə əməkdaşlıq çərçivəsində əldə olunacaq nailiyyətlər, bu sahədə ehtiyac duyulan konkret fəaliyyətlər və mövcud çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, müəyyən qiymətləndirmələr aparılıb, o cümlədən, mümkün texniki və ekspert dəstəyi vasitələri müzakirə edilib.

 

 

 




Dərc olunub : 2023-10-02 11:25:00
Oxunma sayı : 56