Avropa Şurasının dəstəyi ilə Hüquq və İnsan Haqları İnstitutunda təlim keçirilib

Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığı ilə birgə əməkdaşlıq çərçivəsində sentyabrın 29-da Hüquq və İnsan Haqları İnstitutunda “Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda hüquqşünaslar üçün təlim keçirilib. Təlimdə ədliyyə qurumlarının, prokurorluq orqanlarının əməkdaşları olmaqla 24 hüquqşünas iştirak edib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə giriş nitqində İnstituta göstərdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir cənab Petr Zixə təşəkkürünü bildirib və təşkil olunan təlimlərin hüquqşünaslar üçün əhəmiyyətindən bəhs edib.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix İnstitutla birgə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin müxtəlif dövlət qurumlarında çalışan hüquqşünaslar və vəkillər üçün faydalı olacağını bildirib. Səfir bu cür birgə layihələrin davamlı olmasına ehtiyac olduğunu vurğulayıb. Sonra Petr Zix iştirakçılara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin tarixi inkişafı barədə dolğun informasiya verib.

Təlimçi Vüsalə Muradxanlı “AİHK-ın 6-cı maddəsi: mülki-hüquqi aspekt”, təlimçi-ekspert, Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva isə eyni maddə üzrə cinayət-hüquqi aspekt mövzusunda təqdimatla çıxış ediblər.

Təlimçilər ittiham olunan şəxslərin 6-cı maddə ilə əhatə olunan hüquqları, bu sahədə standartları və yanaşmaları müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) ən vacib qərarlarını diqqətə çatdırıblar.  

Hüquq eksperti Vəfaddin İbayev təqdimatında məhkəməyə müraciət hüququ, məhkəmə prosesində tərəflərin bərabərliyi, məhkəmə proseslərinin çəkişmə prinsipi mövzusunda ümumi şərhlər verib.

Müzakirələr zamanı məhkəməyə çatımlılıq, prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunaraq iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.

Sonda iştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimdə iştirak edən hüquqşünaslara sertifikatlar təqdim edilib.

                                                                                            




Dərc olunub : 2023-10-02 12:07:00
Oxunma sayı : 101