Azərbaycan alimləri erməni aliminə onun Şərq numizmatikasına həsr etdiyi çıxışında kobud səhvlərə yol verdiyini göstərmişlər

Veliki Novqorodda XIX Ümumrusiya numizmatika konfransı öz işini davam etdirir – bu barədə Qafqaz tarixi Mərkəzində Sputnik Azərbaycana məlumat vermişlər.
 
Bu tədbirin təşkilatçıları Dövlət Ermitajı, Rusiya Dövlət Tarix Muzeyi, REA Arxeologiya İnstitutu və Novqorod muzey-qoruğudur.
 
Möhtəşəm elmi foruma Rusiyanın müxtəlif şəhərlərinin, eləcə də ayrı-ayrı ölkələrin mütəxəssisləri toplaşmışlar. Bir sıra ailmlərin müxtəlif məruzələrlə çıxış etdikləri “Şərq numizmatikası” sessiyasında həmçinin AMEA Milli Tarix Muzeyinin numizmatı, professor Əli Rəcəbli və Qafqaz tarixi Mərkəzinin direktoru, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov iştirak etmişlər. Azərbaycan alimləri sessiyaya “Şirvanşahların unikal sikkələri” adlı məruzə təqdim etmişlər.
 
Sessiyanın gedişində həmçinin Moskvadan olan erməni alimi Aleksandr Akopyanın “XVI-XIX əsrlərdə İran mis sikkələrinin çəki normaları və nominallarının adları” mövzusunda məruzəsi dinlənilmişdir.
 
Erməni aliminin çıxışında bir sıra kobud qüsurlar aşkarlanmışdır. Bununla bağlı olaraq professor Əli Rəcəbli və Rizvan Hüseynov öz iradlarını bildirmişlər. Hüseynovun sözlərinə görə, onda şəxsən belə bir təəssürat yarandı ki, Akopyan orta əsrlər mis sikkələrindən danışarkən, bu sikkələrin kəsildiyi orta əsr Azərbaycan şəhərlərini qəsdən diqqətdən kənarda saxlayır.
 
Qafqaz tarixi Mərkəzinin direktoru qeyd etmişdir ki, erməni alimi yalnız üç yerə toxunmuşdur. Bunlardan birincisi orta əsrlərin İrəvan (Yerevan) şəhəridir ki, bu şəhər həmin dövrdə Azərbaycan xanlıqlarından biri idi və Səfəvi və digər imperiyalara tabe idi. İkincisi, Tiflisdir, burada da islam dövründə sikkələr zərb olunmuşdur. Üçüncüsü, Azərbaycanın qərbində Zagem (Zəyəm) kəndidir, burada Səfəvilər gürcü knyazları üçün mis sikkələr kəsilməsinə müvəqqəti icazə vermişdilər. “Nəticədə, Akopyanın çıxışından belə çıxdı ki, müsəlman dünyasının böyük Şərq məkanında bu regionda yalnız ermənilər və gürcülər sikkə kəsmək hüququna malik olmuşlar” – deyə, Sputnikin həmsöhbəti Hüseynov bildirmişdir.
 
Azərbaycan alimləri təbii olaraq, öz erməni həmkarlarına tarixi Azərbaycan ərazisində həmin dövrdə 50-dən yuxarı şəhərdə sikkələr zərb edildiyini xatırlatmışlar. Bunlardan ən böyük mərkəzlər Gəncə, Şamaxı, Şəki, Pənahabad, Naxçıvan, Quba, Dərbənd, Bakı kimi şəhərlər idi. “Təbii ki, biz ona bu cür seçim apardığına görə iradlarımızı bildirdik. Axı bu, necə ola bilər – imperiya bizim, dövlət bizim, lakin bizdə pulu ermənilər və gürcülər zərb etmişlər? – deyə, o, bildirmişdir. Mərkəz direktorunun sözlərinə görə, professor Rəcəbli də həmçinin qeyd etmişdir ki, həmin dövrdə şəhərlərin mis sikkələr kəsmək hüququ vardı. İmperiya özü isə qızıl və gümüş sikkələr zərb edirdi. Onlara, bu sikkələrin nominallarına istinad edən kiçik şəhərlər də öz mis sikkələrini kəsirdilər.
 
Rəcəbli vurğulamışdır ki, bu proses yuxarıdan idarə olunur, fərmanlar Səfəvi Azərbaycan dövlətindən gəlirdi. İmperiya şəhərləri öz arzularına uyğun hər hansı çəkidə, nominalda və s. sikkə kəsə bilməzdilər.
 

Ümumrusiya numizmatika konfransı numizmatika tədqiqatçılarının başlıca forumudur. Tədbir 1993-cü ildən keçirilir, yaxın və uzaq ölkələrin onlarca mütəxəssisini cəlb edir. Konfransın keçirilməsi numizmatika sahəsində və ona yaxın olan xüsusi tarix fənlərində bütün tədqiqat işlərini qiymətləndirməyə, eləcə də planlaşdırmağa və koordinasiya etməyə imkan verir.                                                                                                                   


Dərc olunub : 11-12-2017

Oxunma sayı : 3