Bakı Şəhər İcra Hakimiyyətində “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilib
İyunun 18-də mülkiyyət hüququnun qorunması sahəsində bilik və bacarıqların artırılması məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev mülkiyyət hüququnun insan hüquqlarının təminində və hüquqi dövlət quruculuğunda əhəmiyyətini vurğulayaraq, bu sahədə biliklərin artırılmasının dövlət qulluqçularının fəaliyyətində mühüm rol oynadığını bildirib.
Sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında mülkiyyət hüququnun mahiyyətindən və onun müdafiə mexanizmlərindən bəhs edib. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini şərh edərək bildirib ki, mülkiyyət hüququ ölkənin müvafiq qanunvericiliyi ilə qorunur və heç kim öz əmlakından özbaşına şəkildə məhrum edilə bilməz.
Təlimçi-ekspert Orxan Bəşirlinin təqdimatında mülkiyyət hüququnun qorunması sahəsində mövcud olan milli hüquqi vasitələrdən, o cümlədən əşya-hüquqi, öhdəlik-hüquqi və digər müdafiə mexanizmlərindən bəhs olunub. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı baxdığı işlər diqqətə çatdırılıb.
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev tərəfindən keçirilən praktik sessiyada iştirakçılar hipotetik hüquqi işlər üzərində qrup müzakirələrinə cəlb olunublar. Müzakirələr zamanı dövlətin ictimai maraq arqumentinin əsaslılığı, kompensasiyanın müəyyən edilmə meyarları, mülkiyyətçinin sahiblik hüququnun pozulub-pozulmaması və mülkiyyətin qaytarılması ilə bağlı hüquqi perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Dərc olunub : 18-06-2026
Oxunma sayı : 23