Beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahəsində üç yeni kitab ictimaiyyətə təqdim edildi

Noyabrın 21-də "Hüquq və İnsan Haqları İnstitutu" (İnstitut) publik hüquqi şəxsin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərovanın yeni nəşr olunmuş üç kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda "Beynəlxalq hüquq" (Ümumi hissə), "Уголовно процессуальное право" (I Toм, Общая часть) və "Уголовно-процессуальное право" (II Toм, Особенная часть) adlı kitablar geniş auditoriyaya təqdim olunub.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında İnstitutun həyata keçirdiyi maarifləndirici rəqəmsal təşəbbüslərdən — hüquqşünas alim və tədqiqatçıların elmi əsərlərini geniş auditoriyaya təqdim edən “Hüquq və insan haqları virtual kitabxanası”nın səmərəli fəaliyyətindən, eləcə də müəllif profillərinin Google Scholar platformasında açılması və hüquq elmi jurnallarının elektron bazasının formalaşdırılması ilə bağlı görülən işlərdən bəhs edib. O, həmçinin, beynəlxalq hüquq və cinayət-prosessual hüquq sahəsində təqdim olunan yeni nəşrlərin hüquq ictimaiyyəti üçün əhəmiyyətini vurğulayaraq, bu kitabların elmi araşdırmaların inkişafına və tədris prosesinin zənginləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva isə çıxışında müəllifin elmi fəaliyyətini yüksək qiymətləndirərək, kitabların məzmunu, aktual mövzuların işıqlandırılması və hüquq praktikasında tətbiq imkanları barədə fikirlərini bölüşüb.

Tədbirin təşkilinə göstərilən dəstəyə görə İnstitut rəhbərliyinə təşəkkür edən müəllif kitabların hazırlanması zamanı üzləşdiyi çətinliklərdən danışıb. O, “Cinayət-prosessual hüquq” kitabında ölkənin hüquq ədəbiyyatında az işlənmiş xüsusi icraat, habelə məsuliyyətdən və cəzadan azad etmə məsələlərinə daha çox diqqət ayrıldığını vurğulayıb. Həmçinin, “Beynəlxalq hüquq”un ümumi hissəsində məsuliyyət hüququ və islam hüququ mövzularının da əhatə olunduğunu bildirib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxışında qeyd edib ki, nəşrlərdə həm fundamental hüquqi anlayışlar, həm də praktiki tətbiq baxımından mühüm məsələlər sistemli şəkildə təhlil olunub. O, “Beynəlxalq hüquq” kitabının Azərbaycan dilində nəşrinin vacibliyini vurğulayaraq, təqdim olunan əsərlərin ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün dəyərli elmi mənbə rolunu oynayacağına əminliyini ifadə edib.

Tədbirdə ölkənin tanınmış hüquqşünasları, alimlər və professorlar çıxışlarında müəllifin elmi fəaliyyətini yüksək qiymətləndirərək, bu nəşrlərin müasir hüquq elminin tələblərinə uyğun şəkildə yüksək elmi-nəzəri səviyyədə hazırlandığını və hüquq elminə mühüm töhfə olacağını vurğulayıblar.


Dərc olunub : 21-11-2025

Oxunma sayı : 113