Beynəlxalq Sülh Günü münasibətilə keçirilən müsabiqənin iştirakçıları mükafatlandırılıb  

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq Sülh Günü münasibətilə tələbələr arasında məqalə müsabiqəsi keçirilib.  

Müsabiqə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə elan edilmiş 21 avqust – 21 sentyabr “Sülh Aylığı”  çərçivəsində təşkil edilib.

Müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında sülh və insan hüquqları mədəniyyətinin təşviqi, sülh və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə məlumatlılığın artırılması, habelə sülh və etimad mühitinin gücləndirilməsinə töhfə vermək olub.

21 sentyabr 2026-cı il tarixində müsabiqədə iştirak edən tələbələrin bir qrupu – Məhəmməd Qasımov (BDU-nun Hüquq fakültəsinin III kurs tələbəsi), Elvin Əkbərzadə (Niderland Krallığının Leyden Universitetinin beynəlxalq hüquq ixtisası üzrə magistrantı), Zəhra Məmmədova (BDU-nun Hüquq fakültəsinin III kurs tələbəsi), Zöhrə Tağıyeva (BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi), Sueda Yıldırım (BDU-nun Hüquq fakültəsinin III kurs tələbəsi) və Aysu İmaməlizadə (DİA-nın Siyasi idarəetmə fakültəsinin IV kurs tələbəsi) İnstitutun qonağı olublar.

Tələbələrə yaradıcı fəallıqlarına və müsabiqədə uğurlu iştiraklarına görə İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev tərəfindən təşəkkürnamələr təqdim olunub, İnstitutun nəşrləri hədiyyə edilib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş məqalələrin bir qismi “e-huquqshunas.az” hüquq platformasında dərc edilib.


Dərc olunub : 22-09-2026

Oxunma sayı : 49