Binəqədi Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün təlim keçirilib
Hüquq və İnsan Haqları İnstitutu dekabrın 22-də Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Dövlət qulluqçularının etik davranış qaydaları və onların fəaliyyətində insan hüquqları aspekti” mövzusunda təlim keçirib. Dövlət qulluqçularının peşə etikası, hüquqi məsuliyyəti və insan hüquqlarına əsaslanan idarəetmə prinsiplərinin artırılmasına yönəlmiş təlimdə RİH əməkdaşları və digər mərkəzi icra hakimiyyətlərinin yerli qurumlarının nümayəndələri olmaqla, 60 nəfər iştirak edib.
İnstitutun təlimçi-eksperti Zümrüd Əlizadənin mövzu üzrə təqdimatı zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələri ətraflı təhlil olunub, dövlət qulluqçularının insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətlərinə, eləcə də fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət etməklə bağlı öhdəlikləri vurğulanıb. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 68.1-ci maddəsinin hüquqi və praktik əhəmiyyəti izah edilib. Qeyd olunub ki, etik davranış qaydalarına riayət olunması dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.
Təlim çərçivəsində real praktiki vəziyyətlərə əsaslanan kazuslar üzrə interaktiv müzakirələr aparılıb və sual-cavab sessiyası təşkil olunub. İştirakçılar mövzunun onların gündəlik xidməti fəaliyyətlərində faydalı olacağını və təlimdən məmnunluqlarını ifadə ediblər.
Dərc olunub : 23-12-2025
Oxunma sayı : 71