Binəqədi Rayon Polis İdarəsinin müstəntiq və təhqiqatçıları üçün maarifləndirici təlim keçirilib
27 dekabr 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Binəqədi Rayon Polis İdarəsində təlim təşkil edib.
Təlim Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsində nəzərdə tutulan “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda müstəntiq və təhqiqatçıların peşə bacarıqlarını artırmaq, onları şəxsi və peşəkar inkişaf baxımından dəstəkləmək, həmçinin hüquqi düşüncə tərzlərini zənginləşdirmək məqsədilə keçirilib.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Səbuhi Qasımov təlimin açılışında etdiyi çıxışında, həbslə bağlı qərarların beynəlxalq və milli hüquq normalarına uyğunluğunun təmin olunmasının əhəmiyyətini vurğulayaraq şəxsi toxunulmazlıq və azadlıq hüququnun vacibliyini diqqətə çatdırıb. Həmçinin S.Qasımov qeyd edib ki, hüquq-mühafizə orqanları bu hüququ qorumaqla yanaşı, etik prinsiplərə də riayət etməlidirlər.
Təlim müddətində iştirakçılara azadlıq və şəxsi toxunulmazlıq hüququnun beynəlxalq hüquq və yerli qanunvericilik çərçivəsindəki rolu ətraflı izah edilib.
Həmçinin İnstitutun şöbə müdiri Vüsalə Muradxanlı, təlimçi-ekspertlər: Hamlet Babayev və Heydər Həsən oğlu Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik təcrübəsindən müvafiq nümunələr gətirərək Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox rast gəlinən pozuntulara da diqqət çəkiblər.
Təlimin sonunda qrup işləri və kazuslar üzrə iştirakçıların təqdimatları keçirilib, eyni zamanda maddəyə dair təkliflər irəli sürülüb. Yekunda 22 polis əməkdaşına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 2023-2024-cü illər ərzində respublikanın 14 rayon və şəhərində DİN-in 295 polis əməkdaşı üçün AİHK-nın 5-ci maddəsi üzrə maarifləndirici təlimlər keçirib.
Dərc olunub : 27-12-2024
Oxunma sayı : 25