DİN-in Polis Akademiyasında insan hüquqlarına dair mühazirə təşkil olunub
4 iyun 2025-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis fəaliyyəti və insan hüquqlarının təminatı” mövzusunda maarifləndirici mühazirə keçirilib. 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunmuş mühazirədə Polis Akademiyasının 60 kursantı iştirak edib.
Mühazirə zamanı İnstitutun təlimçi-eksperti Hamlet Babayev iştirakçılara Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında təsbit olunmuş əsas insan hüquq və azadlıqları, universal insan hüquqları konsepsiyası, hüquq və azadlıqların təminatında polisin fəaliyyəti, eləcə də beynəlxalq hüquq-müdafiə mexanizmləri barədə geniş məlumat verib.
Tədbirin əsas məqsədi Polis Akademiyası kursantlarının insan hüquqları sahəsində biliklərini artırmaq, onları müasir və beynəlxalq yanaşmalarla tanış etmək, həmçinin bu bilikləri gələcək peşə fəaliyyətlərində tətbiq etməyə təşviq etmək olub.
Mühazirə iştirakçıların hüquqi maarifləndirilməsi və peşəkar hazırlıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Dərc olunub : 05-06-2025
Oxunma sayı : 59