Məişət zorakılığının qarşısı alınmalıdır

13 noyabr 2013-cü ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Məişət zorakılığının qarşısının alınması haqqında Milli Fəaliyyət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNFPA-nın, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçikrilən tədbirdə məişət zorakılığı ilə mübarizənin səmərəli aparılması istiqamətində qanunvericiliyin dinamik inkişafının təmin olunması məsələləri müzakirə edilmişdir. Konstitusiya Məhkəməsinin hakimi C.Qaracayev, “Konstitusiya araşdırmaları” Fondunun rəhbəri Ə.Nuriyev, Demokratik İslahatçı Gənclər İctimai Birliyinin nümayəndəsi V.Hüseynli, İnsan Hüquqları İnstitunun əməkdaşları G.İbrahimova və İ.Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi T.İbrahimova və başqaları məişət zorakılığının qarşısının alınması sahəsində aparılan hüquq siyasətinin kompleksli və hərtərəfli təmin edilməsi məqsədilə mövcud qanunvericiliyin təhlilini aparmışlar. Qeyd olunmuşdur ki, hazırda məişət zorakılığı ilə mübarizə prosesi universal xarakter daşıyır. Çıxış edənlər məişət zorakılığı probleminin aradan qaldırılması üçün əhalinin müxtəlif qrupları arasında aparılacaq məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişmiqyaslı və sorğuların mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab etmişlər. Müzakirələr zamanı məişət zorakılığı qurbanlarının mühafizəsi, tibbi və hüquqi yardımla təminatı, habelə onların sosial reabilitasiyası sahəsində aparılan tədbirlər, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə geniş fikir mübadiləsi aparılmışdır.




Dərc olunub : 2013-11-19 10:29:00
Oxunma sayı : 17